Qubada Azərbaycan Milli Mətbuatının 150-ci ildönümünə həsr olunan tədbir Heydər Əliyevin Quba şəhərindəki abidəsinin ziyarəti ilə başlayıb.
Bizim.Media xəbər verir ki, dahi şəxsiyyətin xatirəsi hörmətlə anılıb, abidəsi önünə tər güllər düzülüb. Daha sonra "Əkinçi"nin banisi Həsən bəy Zərdabinin rayonun Zərdabi qəsəbəsindəki büstü Quba rayon İH başçısı İlqar Mahmudov və mətbuat nümayəndələri tərəfindən ziyarət olunub.
Məlumat üçün bildirək ki, Qubanın Zərdabi qəsəbəsi ölməz maarifçi Həsən bəyin şərəfinə belə adlandırılıb.
1835-ci ildə H.Məlikov Qubada məhkəmə katibi işləyib. Zərdabi qəsəbəsinin girəcəyundə Zərdabinin büstü olub. Həmin büst ötən əsrin doxsanıncı illərində dağıdılaraq uçurulmuşdu.
2019-cu ildə Quba İH-də media nümayəndələri ilə görüşdə Aytəkin Alxaslı icra başçısı Ziyəddin Əliyevdən Zərdabinin büstünün yenilənməsini xahiş edib.
Sabiq icra başçısı Ziyəddin Əliyev xahişə əməl edib, növbəti ilin mətbuat günündə - 2020-ci ilin 22 iyulunda Zərdabinin adını daşıyan yeni parkda Həsən bəyin büstü açılıb.
Bu gün Zərdabinin büstündən sonra jurnalistlər və rayon İH başçısı İlqar Mahmudov, Quba şəhərindəki "Media şəhidləri "parkına baş çəkib, şəhid jurnalistlərin xatirəsini ehtiramla yad ediblər.
Rayon rəhbəri mətbuat nümayəndələrini təbrik edib, hər birinə yaradıcılıq uğurları arzulayıb.
Sonra mətbuat nümayəndələrinin bir qrupuna Quba İH-nin Fəxri Fərmanı və hədiyyələr təqdim edilib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu