Son günlər müşahidə edilən anomal istilər ciddi narahatlıq doğurur. Bu məsələdə əsas amillərdən biri isə yanğın təhlükəsidir. Çünki belə istilərdə yanğın risqi xeyli yüksəlir. Təkcə meşələrdə deyil, həm də artıq yüklənmədən elektrik xətlərində yanğınlar daha çox olur. Hətta köhnə avtomobillər isti havada yanğına qarşı həssas olur.
Bəs yanğından qorunmaq üçün müvafiq qurumlar hansı profilaktik işlər aparılır?
Mövzu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu göndərdik. Sorğumuza cavab olaraq Nazirliyin Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov Bizim.Media-ya bildirib ki, respublikanın meşə fondu ərazilərində yanğınların başvermə riskinin minimuma endirilməsi məqsədilə Meşələrin İnkişafı Xidməti tərəfindən bir sıra qabaqlayıcı və profilaktik tədbirlər həyata keçirilib:
“Meşə fondu ərazilərində 83 nəzarət postu, 43 müşahidə qülləsi və 1017 nəfərdən ibarət könüllü yanğınsöndürmə dəstələri fəaliyyət göstərir, 2468 ədəd xəbərdaredici və məlumatlandırıcı lövhə mövcuddur. Meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə bu ilin ötən 6 ayı ərzində Gəncə, Şəki, Ağdam, Lənkəran, İmişli və Quba rayonlarında regional müşavirələr keçirilib, həmçinin, meşə örtüyü olan regionlarda Fövqəladə Hallar Nazirliyinin yerli qurumları ilə birgə 94 praktiki və maarifləndirici təlim təşkil olunub”.
Xidmət rəisi onu da qeyd edib ki, son 6 ay ərzində meşə fondu ərazilərində 742 kilometr uzunluğunda yanğın əleyhinə yeni qoruyucu mineral zolaqlar çəkilib, 554 kilometr mövcud zolaq isə bərpa olunub:
“Yanğın əleyhinə 86 kilometr uzunluğunda yeni yol çəkilib, 359 kilometr yol isə bərpa edilib. Vətəndaşlarımıza çağırış edirik ki, təbiət qoynunda olarkən yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etsinlər, odla ehtiyatlı davransınlar”.
Maraqldır ki. isti hava nasaz avtomobildə yanğın ehtimalını dəfələrlə artırır.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, yay mövsümü üçün xarakterik olan isti hava texniki-təhlükəsizlik baxımından nasaz, istismara yararsız nəqliyyat vasitələrində yanğın ehtimalını dəfələrlə artırır:
"Avtomobilin mühərrik sistemində, elektrik naqillərində, təkər və ya şinlərində mövcud olan nasazlıqlar isti hava şəraitində özünü daha tez biruzə verir ki, bu da yanğınla müşahidə edilən ağır fəsadlara, yolda ləngimələrə, ətraf mühitin çirklənməsinə gətirib çıxarır. Baş Dövlət Yol Polisi İdarəsi son günlər bu qəbildən olan hadisələrin sayının artmasını nəzərə alaraq, bir daha sürücülərə avtomobilin texniki sazlığını daim nəzarətdə saxlamağı, texniki-təhlükəsizlik baxımından yararsız nəqliyyat vasitələri ilə yola çıxmamağı, uzaq məsafələrə səfərlər zamanı avtomobili texniki müayinədən keçirməyi, avtomobili standartlara uyğun və yararlı odsöndürənlə təchiz etməyi və ondan istifadə qaydalarını mənimsəməyi tövsiyə edir".
Surxay Atakişiyev, Bizim.Media