Binəqədi rayonu ərazisində sahil zonasında yerləşən “AF Hotel” adlı ictimai iaşə obyektində ev heyvanlarının saxlanması ilə bağlı sosial mediada yayılmış narahatlıq doğuran görüntülərdən sonra IDEA İctimai Birliyinin təşəbbüsü və Daxili İşlər Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrinin iştirakı ilə təcili araşdırma tədbirləri həyata keçirilib.
Bizim.Media xəbər verir ki, aparılan birgə yoxlama nəticəsində obyekt ərazisində qonaqların əyləncəsi üçün uyğunsuz şəraitdə 7 pişik və 1 it saxlanıldığı məlum olub.
Bundan əlavə, həmin ərazidə heç bir rəsmi icazə olmadan fəaliyyət göstərən qanunsuz zoopark da aşkar edilib.
Həmin zooparkda isə “Qırmızı Kitab”a düşən, invaziv və digər növlərdən ibarət çoxsaylı heyvanların (5 tovuzquşu, 2 flaminqo, 3 yenot, 1 dəvəquşu, 8 sussar, 2 poni, 3 lama, 3 alpaka, 5 dovşan, 5 tutuquşu) saxlanıldığı müəyyən olunub.
Heyvanların sağlamlığı və təhlükəsizliyi məqsədilə IDEA Heyvanlara Qayğı Mərkəzinin və Bakı Zooloji Parkının baytar mütəxəssisləri tərəfindən bütün heyvanlar ərazidən toplanıb, klinik şəraitdə müayinədən keçirilib.
Heyvanlar reabilitasiyaları tamamlandıqdan sonra yeni sahiblərinin tapılması üçün sahiblənmə mərkəzinə yerləşdiriləcək, vəhşi heyvan növləri isə müvafiq qaydada təbiətə buraxılacaq.
IDEA İctimai Birliyi vətəndaşları ev heyvanlarına qarşı qayğıkeş və məsuliyyətli münasibət göstərməyə çağırır, onlarda vəhşi heyvanların qanunsuz olaraq saxlanması hallarına yol verilməməsini, bu kimi faktlar barəsində Birliyin 1113 nömrəli qaynar xəttinə və ya rəsmi sosial media kanallarına məlumat vermələrini xahiş edir.
Bizim.Media