İyulun 20-də Kabil şəhərində Azərbaycanın Əfqanıstandakı səfiri İlham Məmmədovun iştirakı ilə Ənənəvi Əfqan Sənətkarlığının İnkişafı üçün Xalçaçılıq üzrə Tədris Mərkəzinin açılışı olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Bizim.Media-ya verilən məlumata görə, məşğulluğun artırılması və ənənəvi əfqan sənətlərinin qorunması məqsədi daşıyan layihə Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) maliyyə dəstəyi, habelə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əfqanıstandakı nümayəndəliyi və Əfqanıstanın Əmək və Sosial Təminat Nazirliyinin tərəfdaşlığı ilə ərsəyə gəlib.
Tədbirdə Əfqanıstanın əmək və sosial təminat nazirinin müavini Əlhac Mavlavi çıxış edərək, Azərbaycana və İƏT-ə ölkəsi adından təşəkkürünü bildirib, habelə layihənin əfqan əl sənətinin qorunmasına, təşviqinə və inkişafına xidmət edəcəyini vurğulayıb.
İƏT-in Əfqanıstandakı nümayəndəsi səfir Mohammad Saed əl-Ayyaş Azərbaycan tərəfinin dəstəyi ilə yaradılmış peşə məktəbinin aztəminatlı əfqan ailələrinə dəstək olacağını, eləcə də layihənin İƏT üzv ölkələri arasında həmrəyliyə xüsusi töhfə verdiyini qeyd edib.
Səfir İ.Məmmədov ölkəmizin Əfqanıstanda artıq bir neçə layihə icra etdiyini diqqətə çatdırıb, belə təşəbbüslərin davamlı olmasının nəzərdə tutulduğunu bildirib.
Azərbaycan-Əfqanıstan dostluq əlaqələrindən, eləcə də İƏT çərçivəsində həmrəyliyin əhəmiyyətindən danışan natiqlər Azərbaycanın 2026-cı ildə İƏT Dövlət və Hökumət Başçıları Zirvəsinə sədrlik etməsinin xüsusi önəm daşıdığını söyləyiblər.
Tədris mərkəzi dörd emalatxanadan ibarətdir və 20 ədəd xalça toxuculuğu dəzgahı, zəruri alətlər və bir illik xammal ehtiyatı ilə təchiz olunub. Mərkəzdə eyni vaxtda 80 qadının təlim keçməsi nəzərdə tutulur.
Bizim.Media