Cəlilabad rayonunun Pərdi kəndi ərazisində yerləşən göldə balıqlar kütləvi şəkildə tələf olub. Yerli sakinlərin sözlərinə görə, son günlər göldə balıqların tələf olması halları artıb. Onlar bu vəziyyəti su səviyyəsinin kəskin şəkildə aşağı düşməsi ilə əlaqələndirirlər.
Ekoloq Rauf Həsənov Bizim.Media-ya açıqlamasında bildirir ki, belə hallar əsasən yay aylarında müşahidə olunur.
O, qeyd edir ki, suyun səviyyəsinin aşağı düşməsi oksigen çatışmazlığına səbəb olur ki, bu da balıqlar üçün ölümcül nəticələr yaradır.
Mütəxəssis əlavə edib ki, suyun çirklənməsi, gölə kimyəvi maddələrin axıdılması və yüksək temperaturun yaratdığı istilik şoku da kütləvi balıq ölümlərinə səbəb ola bilər. Hadisənin dəqiq səbəbinin müəyyən olunması üçün laborator analizlər tələb olunur.
Hazırda ərazidə aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu