Azərbaycan milli mətbuatının 150 illik yubileyi ərəfəsində 22 İyul – Milli Mətbuat Günü münasibətilə Qusar Rayon İcra Hakimiyyətində tədbir keçirilib.
Qurumdan Bizim.Media-ya verilən məlumata görə, tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, RİH başçısı Aparatının məsul şəxsləri, rayonun ictimai-mədəni həyatında fəallıq göstərən ziyalılar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov media nümayəndələrini peşə bayramı münasibətilə təbrik edərək bildirib ki, Azərbaycan milli mətbuatı zəngin tarixi inkişaf yolu keçmiş, ölkənin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayıb.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə media sahəsinin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq dəstəklənir.
"Regionlarda fəaliyyət göstərən jurnalistlərin də cəmiyyətin maarifləndirilməsi, ictimai rəyin formalaşdırılması istiqamətində rolu xüsusilə qeyd olunmalıdır" - deyə rayon rəhbəri vurğulayıb.
Tədbirdə Qusar rayonunda mətbuatın inkişafına dair geniş fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, region mediası, o cümlədən "Qusar" qəzeti uzun illər ərzində təkcə informasiya ötürücüsü kimi deyil, həm də cəmiyyətin maarifləndirilməsi, milli dəyərlərin təbliği və ictimai rəyin formalaşmasında mühüm vasitə kimi çıxış edib.
Uzun illər "Qusar" qəzetinin baş redaktoru olmuş, jurnalist Vidadi Sevzixanov, Qusar Rayon Ağsaqqallar Şurasının sədri Sənan Xəlilov və digər ziyalılar rayon mətbuatının keçdiyi inkişaf yolundan, bu sahədə formalaşmış peşəkar ənənələrdən və jurnalistikanın cəmiyyət üçün daşıdığı əhəmiyyətdən bəhs ediblər. Çıxışlarda vurğulanıb ki, sağlam və obyektiv informasiya mühiti cəmiyyətin inkişafı üçün əsas dayaqlardan biridir.
Tədbirin sonunda Qusar rayonunda mətbuat sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə görə Vidadi Sevzixanov Qusar Rayon İcra Hakimiyyəti başçısı tərəfindən fəxri fərmanla təltif olunub.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu