“Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də, zorla həll edəcəyik”.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
44 günlük müharibədə qələbə qazanan Azərbaycan dövləti Ermənistanın imzaladığı təslim aktında nəzərdə tutulan daha bir geostrateji məqsədə çatmaq üzrədir. Uzun illər beynəlxalq güclər və regional oyunçuların kobud müdaxilələri hesabına Zəngəzur dəhlizinin tikintisinə razılıq verməyən İrəvan artıq mövqeyini dəyişərək kommunikasiyaların açılması məsələsində Bakının irəli sürdüyü variantla barışmağa başlayır.
Şübhəsiz, Prezident İlham Əliyevin prinsipial dəst-xətti, həm Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddiasının çıxarılması, həm ATƏT-in Minsk qrupunun ləğvi, həm də nəqliyyat dəhlizlərinin fəaliyyəti məsələlərində qətiyyətli davranışı tək Ermənistanı deyil, onun havadarlarını da Azərbaycanın yaratdığı yeni reallıqlarla barışmaq məcburiyyətində qoyur.
CƏNUBİ QAFQAZIN NƏQLİYYAT KONSEPSİYASI BAKIDA YAZILIR
Əlbəttə, Cənubi Qafqazın nəqliyyat konsepsiyasının əsas müəllifi Azərbaycandır. Məhz ölkəmizin iştirakı və bir çox hallarda təşəbbüsü ilə reallaşan Qərb-Şərq və Şimal-Cənub nəqliyyat dəhlizlərində Azərbaycanın rolu yüksək qiymətləndirilir. Bir sözlə, coğrafi mövqe və geosiyasi konfiqurasiya respublikamızı regionun nəqliyyat-logistik mərkəzinə çevirir.
Orta Dəhliz artıq rəsmən qlobal gündəlikdə həlledici yerini almaqda, bu fonda Azərbaycanın təşviq etdiyi Zəngəzur dəhlizi həmin marşrutun vacib seqmenti kimi öz statusunu möhkəmləndirməkdədir.
Təbii, qarşı tərəf Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiya bağlantısının yaradılmasına – kapitulyasiya aktında nəzərdə tutulsa da – hər cür maneçiliklər törədir, bu marşrutun Ermənistanın suverenliyini təhdid altında qoyduğunu iddia edir.
İrəvan uzun müddətdir ki, Zəngəzur xəttinin “dəhliz” statusunu qəbul etmir, “eksterritorial ərazi” statusunun sözügedən region üzərində yurisdiksiyanın itirilməsinə gətirib çıxaracağını vurğulayır. Lakin artıq vəziyyət dəyişir və Nikol Paşinyanın son bəyanatları da göstərir ki, ermənilər Bakının prinsipləri çərçivəsində Zəngəzur dəhlizinin açılmasına razılıq verəcəklər.
REVANŞİSTLƏR DƏHLİZ FORMULUNA QARŞI
Doğrudur, rəsmi İrəvan bu yanaşmanın ölkədə böyük ajiotaja səbəb olacağını, bütün anti-hakimiyyət qüvvələri – kilsənin, xuntaçıların, diasporun, Rusiyaya bağlı oliqarxların birləşəcəyini, beləliklə də, indiki iqtidarın devrilməsi üçün təhlükə yaranacağını görür. Odur ki, bir tərəfdən, opponentlərin zərərsizləşdirilməsi və siyasi səhnədən silinməsinə hesablanmış repressiv tədbirlər həyata keçirilir, digər tərəfdən isə, kommunikasiyaların açılmasının Ermənistanın iqtisadi yüksəlişi üçün şərt olacağı cəmiyyətə təlqin edilir.
Birləşmiş Ştatların Türkiyədəki səfiri Tom Barakın “Zəngəzur dəhlizinin 32 kilometrlik hissəsi 100 il müddətinə Amerika şirkətinə icarəyə verilə bilər” bəyanatına Ermənistan baş nazirinin reaksiyası dəhliz məsələsinin fundamental şəkildə İrəvanın gündəminə oturduğunu və sülh sazişi üçün real zəmin yarandığını təsdiqləyir.
Məsələn, Paşinyan bildirir ki, Azərbaycanın əsas hissəsi ilə Naxşıvanı birləşdirən Zəngəzur yolu xüsusi şirkətə verilə bilər, üstəlik Ermənistanda buna bənzər təcrübə də var. Belə ki, “Zvartnots” hava limanı, Ermənistanın su-təchizat sistemi və digər istiqamətlər üzrə beynəlxalq şirkətlərlə əməkdaşlıq nümunələri Zəngəzur xətti üçün də bu perspektivi yaradır. Baş nazir ermənilərin təbliğ etdiyi “Sülh kəsişməsi” layihəsində də icarə məsələlərinin yer aldığını deyərək, bunu erməni xalqına xəyanət deyil, onun gələcəyinə qarant kimi səciyyələndirir.
Bununla belə, məğlub ölkədə bu məsələyə çox ciddi müqavimət hiss olunur. Radikal qanad Azərbaycanın konstitusiya dəyişikliyi, Minsk qrupunun ləğvi tələblərinə Zəngəzur dəhlizinin açılmasını da əlavə etməsini rəsmi İrəvanın fiaskosu adlandıraraq əhalini, eləcə də, anti-Paşinyançı qüvvələri birləşməyə və çevrilişə getməyə stimullaşdırır.
Daşnaklar deyirlər ki, baş nazir Azərbaycan və Türkiyəyə Ermənistan ərazisindən dəhliz verməklə ölkəni təhlükəli istiqamətdə aparır. Üstəlik, qeyri-regional dövlətlərin İranla sərhədə gətirilməsi sabitliyə, sülhə və kommunikasiyaların açılmasına töhfə verməyəcək.
Sabiq xarici işlər naziri Vardan Oskanyana görə isə, Paşinyanın Zəngəzur ərazisindən “dəhliz” çəkilməsinə razılıq verməsi Ermənistanın öz əraziləri üzərində suveren nəzarəti digər qüvvələrə təslim etdiyi anlamına gəlir. İndiki hakimiyyətin erməni xalqına sağalmaz zərbələr vurduğunu deyən keçmiş diplomat hesab edir ki, bu hökumət Ermənistanın gələcəyinin qurulmasında iştirak etməməlidir.
Bu arada, ermənilərə məxsus bəzi Teleqram-kanalları araşdırma apararaq müəyyən ediblər ki, Ermənistan ərazisindən tranzit reallaşarsa, oradan əldə olunan gəlir yerli sakinlərə deyil, amerikalı şirkətə gedəcək. Ona görə də hakimiyyətin kommunikasiyaların açılmasının haylara uğur gətirəcəyi haqda dedikləri utopiyadır. Üstəlik, dəhlizi tikmək də lazımdır, mövcud dağlıq ərazilər şəraitində isə bunu etmək o qədər də asan deyil.
İQTİSADİ TƏRƏQQİ, ƏMƏKDAŞLIQ, YOXSA “ƏZƏLƏ NÜMAYİŞİ”?
Zəngəzur dəhlizinin açılması perspektivlərinə və ABŞ-nin Türkiyədəki səfirinin 100 illik icarə ilə bağlı təklifinə regional oyunçular – Rusiya və İranın da yanaşması maraq doğurur. Özünü artıq qatı anti-Azərbaycançı kimi təsdiqləyən İranın Ermənistandakı səfiri Mehdi Sobhani deyir ki, Tehran İrəvanın Avropa dövlətləri ilə əlaqələrini gücləndiməsini İranın maraqlarına zidd hesab etmir.
Ermənistanı “vicdanlı qonşu” adlandıran səfir nədənsə, bu “vicdanlı qonşu”nun Zəngəzur dəhlizinin açılması ilə bağlı indiki mövqeyinə “İranın qırmızı cizgisi” kimi baxmır, halbuki, həmin Sobhani Azərbaycanın prinsipial siyasətinə etiraz olaraq dəfələrlə “Ermənistanın sərhədlərinin dəyişdirilməsi İranın qırmızı cizgisidir” açıqlamasını vermişdi.
Digər qonşu – Rusiyada da Zəngəzur dəhlizi ətrafında gedən diskussiyalardan açıq narahatlıq ifadə olunur. Rusiya siyasi dairələri xəbərdarlıq edirlər ki, ABŞ-nin Ermənistan və Azərbaycan arasındakı dəhlizi icarəyə götürməsi blef yox, artıq reallıqdır. Bu isə 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına əsasən, dəhlizin Ermənistan ərazisindən keçən hissəsinə Rusiya sərhəd qüvvələrinin nəzarət etməsi perspektivinin birdəfəlik dəfni deməkdir. Ona görə də 32 kilometrlik ərazinin amerikalılara verilməsi ehtimalı şimal dövlətini yeni təsir mexanizmləri formalaşdırmağa sürükləyə bilər ki, bu da bölgə üçün yeni təhdidlər yaranacağı deməkdir.
PERSPEKTİVLƏR, GÖZLƏNTİLƏR, NƏTİCƏLƏR
Nüfuzlu təhlil mərkəzləri Zəngəzur marşrutunun bəzi üstünlükləri barədə də məlumat verirlər. Məsələn, Forbes nəşrinə görə, ABŞ-nin sözügedən dəhlizə sərmayə qoyması illik 50-100 milyard dollar həcmində ticarət gəliri təmin etsə də, Qafqazda yeni qaynar münaqişə ocağının yaranmasını şərtləndirə bilər. “Bloomberg” isə yazır ki, xəttin fəaliyyətə başlaması Avropa və Asiya arasındakı tranziti 12-15 gün qısaldacaq. Nəticədə İran tranzit rolunu 20-30 faiz, Rusiya isə 10 il ərzində 10-20 milyard dollar gəlir və Qərb enerji bazarlarına təsir imkanlarını 10-15 faiz itirə bilər.
Bəzi dairələr hələ də amerikalı diplomatın 100 illik icarə ilə bağlı bəyanatının təsadüfi xarakter daşıdığını düşünür. Lakin ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Temmi Bryusun son bəyanatı görünür, məlum təşəbbüsə “Trampın blefi” kimi yanaşanları məyus edəcək.
Çünki, Departament bir daha bildirir ki, ABŞ Cənubi Qafqazda sülhün və stabilliyin qorunmasına dəstəyini artıracaq və bölgədəki hadisələrin inkişaf dinamikasına nəzarət edəcək.
Əgər bura prezident Donald Trampın “Ermənistan və Azərbaycan, biz orada möcüzə yaratdıq və sülh sazişi məsələsində məqsədə yaxınıq” ifadəsini də əlavə etsək, Zəngəzur dəhlizi məsələsində amerikan modelinin gec-tez İrəvan tərəfindən qəbul ediləcəyini qətiyyətlə söyləmək olar.
Bu isə Prezident İlham Əliyevin Qələbə proqramı və Azərbaycanın dövləti maraqlarının bir-bir təmin edildiyi tezisi ilə üst-üstə düşür. Beləliklə, yeni reallıqlar ölkəmizin zəfər epopeyasının daha bir tarixi hadisə müstəvisində davam etdiyini sübuta yetirir.
Əlibala Məhərrəmzadə, Milli Məclisin deputatı