Bu ilin sonunadək Xocalının Təzəbinə kəndində ümumilikdə 197 fərdi ev hazır olacaq.
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarda Tikinti, Bərpa və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı deyib.
Onun sözlərinə görə, gələn il isə daha 159 fərdi evin təmir və bərpası nəzərdə tutulub.
Şöbə müdiri xatırladıb ki, iyulun 14-də 28 ailə - 125 nəfər yaşamaq üçün kəndə qayıdıb.
Məlumat verilib ki, hazırda kəndin müasir sosial infrastrukturunun qurulması istiqamətində işlər davam edir.
Belə ki, 15,5 kilometr uzunluğunda 10 kV-luq elektrik xətti təmir-bərpa olunub, sayğaclaşdırma prosesinə başlanılıb, 11,4 kilometr uzunluğunda təbii qaz xətti çəkilib, 1,2 kilometr uzunluğunda mövcud xətt isə bərpa olunub.
Həcmi 300 kubmetr olan su anbarı və içməli su şəbəkəsi təmir edilib, 16 kilometr uzunluğunda rabitə xətti çəkilib və abonentlərin stasionar telefon, internet və İPTV xidmətləri ilə əhatə edilməsi üçün şərait yaradılıb.
3100 metr uzunluğunda kənddaxili yollara asfalt örtüyü salınıb, məktəbəqədər və ümumtəhsil müəssisələrinin binalarının təmir-bərpası istiqamətində hazırlıq işləri görülür, ambulatoriya mərkəzi və market üçün nəzərdə tutulmuş bina əsaslı təmir edilir.
Kənddə sakinlərin istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün bir hektar ərazisi olan müasir istirahət parkı yaradılıb.
Qeyd edək ki, Təzəbinə kəndi Xocalı rayonunun eyniadlı inzibati ərazi dairəsinə daxildir. Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi.2023-cü ilin sentyabrında Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş antiterror tədbirləri nəticəsində kənd işğaldan azad olunub.
Xatırladaq ki, İyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev Xocalının Təzəbinə kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub.
Bizim.Media