Lerik rayonunun Talış dağları qoynunda, Zuvand çayının sol sahilində yerləşən qədim Büzeyir mağaralarına gedən yeni yolun tikintisinə start verilib.
Büzeyir kəndinə çəkiləcək bu yol həm kənd sakinlərinin gündəlik həyatını asanlaşdıracaq, həm də ərazidə yerləşən unikal arxeoloji abidəyə çıxışı mümkün edəcək.
Bizim.Media xəbər verir ki, tikinti işlərinin başlanması münasibətilə təşkil olunan təməlqoyma mərasimində Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Milli Məclisin deputatı Vasif Qafarov, hüquq-mühafizə orqanlarının rəhbərləri, alimlər, publisistlər və kənd sakinləri iştirak ediblər.
Tədbirdə şəhid valideynləri də xüsusi hörmətlə qarşılanıb.
Mütəxəssislərin fikrincə, bu yol təkcə infrastruktur baxımından deyil, həm də elmi, tarixi və turizm potensialı baxımından xüsusi əhəmiyyət daşıyır. Çünki Büzeyir mağarası Azərbaycanın cənub zonasında Paleolit dövrünə aid ilk insan məskənlərindən biri hesab olunur.
Ərazidə aparılmış arxeoloji qazıntılar zamanı qədim ocaq layları və insan yaşayışına dair izlər aşkarlanıb.
Alimlərin araşdırmalarına görə, mağaradakı çöküntü laylarında tapılan qalıqlar burada 80-100 min il əvvəl insan yaşayışının olduğunu göstərir. Bu isə Azərbaycan arxeologiyası üçün mühüm elmi fakt kimi qiymətləndirilir.
Uzun illər dağ yolları ilə hərəkət edən kənd əhalisi üçün yeni yol layihəsi böyük rahatlıq yaradacaq. Yeni yol həm təhsil, səhiyyə və digər sosial xidmətlərə çıxışı asanlaşdıracaq, həm də kəndin iqtisadi və mədəni inkişafına təkan verəcək.
Qeyd edək ki, uzunluğu 17 metr, eni 8 metr, hündürlüyü isə 2.5 metr olan Büzeyir mağarası regionun ən qədim arxeoloji məkanlarından biri hesab olunur və bu gündən etibarən həm tarixi, həm də gələcəyə aparan bir yol kimi yenidən ön plana çıxır.
Sabutay, Bizim.Media, Cənub bürosu