Təhsilin əlçatanlığı bu günün başlıca qayğısıdır və təbii ki, təhsilin əlçatan olmasında yeniliklərin tətbiqi vacibdir. Hazırkı dövrdə də təhsilin əlçatanlığını təmin edəm məqamlardan biri onlayn təhsildirsə, digəri təhsilin rəqəmsallaşdırılmasıdır.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil üzrə ekspert Elçin Əfəndi deyir ki, onlayn təhsil təkcə Azərbaycanda deyil, dünyanın əksər ölkələrində prioritet təhsil sitemlərindən biridir:
MÖVZU İLƏ BAĞLI:
Abituriyentlərə XƏBƏRDARLIQ - Bu 5 ixtisas LƏĞV olunacaq
“Ona görə də biz bu təhsil sisteminə adaptasiya olunmalıyıq. Distant təhsil dünyanın əksər ölkələrində həm tanınır, həm də bu təhsil formasından istifadə edən insanlar çoxdur.
Bura həm işləyən əhali, həm də müxtəlif kateqoriyalı insanlar daxildir. Təhsil almaq istəyənlərin bir hissəsi distant təhsilin imkanlarından faydalanırlar. Bu mənada onlayn təhsilin müsbət tərəfləri var.
Distant təhsil həmçinin fors-major hallarda, təbii fəlakətlərdən doğan reallıqlar zamanı çox faydalıdır. Necə ki 2020-ci ildəki pandemiya dövründə distant və hibrid təhsildən faydalandıq.
Bu istiqamətdə bizdə müəyyən işlər görüldüyü üçün düşünürəm ki, tədricən həm təhsil haqqında qanunvericilikdə, həm də digər hüquqi normativ aktlarda da distant təhsilin tanınması ilə bağlı qərarlar qəbul olunmalıdır. O cümlədən distant təhsillə bağlı bütün təhsil müəssisələrində maddi-texniki infrastruktur- baza hazırlanmalıdır”.
“Təhsildə rəqəmsallaşma mütləqdir”
Müsahibimiz bu barədə bunları dedi:
“Pandemiyadan sonra təhsilin rəqəmsallaşması bir zərurət kimi ortaya çıxdı. Hər gün dəyişən dünyada yeni çağırışlar məhz bu istiqamətdədir ki, biz tədricən informasiya texnologiyalarından, süni intelektdən maksimal dərəcədə istifadə edək. Onun üçündə təhsildə rəqəmsallaşma mütləqdir.
Bu istiqamətdə Dövlət Başçısı müvafiq tapşırıqlar verib. O cümlədən də aidiyyatı qurumlar- Nazirlik, Agentlik təhsilin rəqəmsallaşdırılması istiqamətində müəyyən işlər görürlər.
Buna “elektron dərslik”, və yaxud “elektron məktəb jurnalı”, eləcə də “elektron məktəb” layihəsini nümunə kimi göstərmək olar. Əlbəttə ki, bütün bunlar təhsilin rəqəmsallaşdırılması istiqamətində mühüm addımlardır.
Və gələcəkdə daha da inkişaf üçün əsaslı zəmindir. Çünki təhsilin hər bir vətəndaş üçün əlçatan olması vacibdir”.
Surxay Atakişiyev, Bizim.Media