Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs - Kərəm Məmmədov 1990-cı il martın 7-də Ermənistanda girov saxlanıldığını bildirib.
Bizim.Media xəbər verir ki, o, Zəngilan və Qafan arasındakı rabitə xəttini bərpa etmək üçün UAZ markalı avtomobillə həmin əraziyə getdiyini qeyd edib.
Onunla birlikdə işçiləri Şakir Əvəz oğlu Bağırov, Zəngilan rayonu rabitə qovşağının sürücüsü Emin və komendantın köməkçisi Emin adlı şəxs olub.
Kabel xətlərini yoxlaya-yoxlaya Qafan rayon rabitə qovşağına daxil olan zərərçəkmiş şəxsin özü və digər azərbaycanlılar buraya toplaşmış ermənilər tərəfindən təpik-yumruqla döyülərək girov götürülüblər.
Bundan sonra Ermənistanın Qafan rayon daxili işlər şöbəsinin əməkdaşları və hərbçilər onları özlərilə aparıblar. Orada dörd nəfər mülki geyimdə olan erməni onlara işgəncə verib, döyərək müxtəlif növ bədən xəsarətləri yetiriblər. Nəticədə K.Məmmədovun sağ tərəfində qabırğaları sınıb, bədəninin bütün hissələri göyərib və baş-beyin tramvası alıb. Ş.Bağırovun beyninə qan sızıb.
Zəngilan rayonundan gəlmiş sovet hərbçiləri onları ermənilərdən təhvil alaraq BTR-də Zəngilan rayonuna gətirməklə girovluqdan azad ediblər. Zərərçəkmişlərə məxsus UAZ markalı avtomobil Ermənistanda onları girov götürmüş şəxslər tərəfindən mənimsənilib.
K.Məmmədov məhkəmədə prokurorun sualına cavabında bildirib ki, Ermənistanda aldığı xəsarətlərə görə iki ay xəstəxanada müalicə olunub.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Bizim.Media