Tümen Vilayət Məhkəməsi 11 il əvvəl 2 nömrəli Tümen Vilayəti Klinik Xəstəxanasında baş vermiş hücumla bağlı iki Azərbaycan vətəndaşı barəsində qiyabi hökm çıxarıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya lenta.ru saytında yer alıb.
Mənbə qeyd edir ki, Nəsimi Paşa oğlu Əmiraslanov 15 il müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum edilib. Bəhruz Rəhim oğlu Nəbiyev isə 16 il müddətinə azadlıqdan məhrum edilib.
Hər iki şəxsin cəza müddətinin hesablanması onların Rusiya hüquq-mühafizə orqanlarına təhvil verildiyi gündən başlanacaq. Onlar hal-hazırda federal axtarışdadırlar.
Hadisə 2014-cü il mayın 29-da axşam saatlarında Tümen şəhərində yerləşən “Bakı” kafesində baş verib. Kafedə baş verən dava zamanı bir nəfər bıçaqlanıb. Yaralı 2 nömrəli Tümen Vilayəti Klinik Xəstəxanasına yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyib. Hadisədən sonra davada iştirak edən digər bir şəxs də həmin xəstəxanaya aparılıb.
Əmiraslanov və Nəbiyev, dostlarının ölümündə həmin şəxsi günahkar hesab edərək, xəstəxanada ona hücum ediblər. Onlar yaralını tibbi xərəkdən yerə atıb, təpiklə döyüblər və üzərinə oturacaqla zərbələr endiriblər. Daha sonra onu küçəyə çıxarıb, boğaz və sinə nahiyəsindən bıçaqlayıblar. Yaralı xəstəxanada dünyasını dəyişib.
Bizim.Media