Ailə qurmaq qərarı insan həyatında ən ciddi qərarlardan biridir. Təəssüf ki, çox vaxt bu qərar emosiyaların təsiri və yaşın təcrübəsizliyi ilə verilir, məntiqli yanaşma arxa planda qalır. Halbuki, evlilikdən əvvəl aparılan psixoloji hazırlıq gələcəkdə çox sayda problemin qarşısını ala bilər.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda neçə nikah müqaviləsi bağlanıb? – RƏSMİ AÇIQLAMA
Nikahı qeydiyyata salırıq, tibbi yoxlanışdan keçirik, lakin mənəvi dünyamızın sağlamlığını yoxlatmırıq. Çünki Azərbaycanda nikahdan əvvəl sağlamlıq müayinəsi məcburidir, amma psixoloq müayinəsi yox. Ailə quran tərəflərin emosional durumu, birgə həyata psixoloji hazırlığı, davranış pozuntuları (aqressiya, manipulyasiya meyli) nəzərə alınmır. Belə çıxır ki, toya hazırıq, amma evlilik həyatına yox. Ona görə də, boşanma mərhələsində cütlüklərə təqdim olunan psixoloq dəstəyi artıq çox gecikmiş olur.
Nikahdan öncə psixoloq yoxlanışı qanunla tənzimlənə bilərmi?
Mövzuyla əlaqədar Bizim.Media-ya açıqlama verən millət vəkili Elnarə Akimova bildirib ki, Azərbaycanda ailədaxili zorakılığın, boşanmaların artması cəmiyyətin mühüm sosial problemlərindən birinə çevrilib:
“Ailə münaqişəsi zamanı baş verən zorakılıqlar, cinayətlər göstərir ki, ailə quran cütlüklərin tibbi müayinə ilə bərabər psixoloji müayinədən də keçməyə böyük ehtiyacı var. Bu gün dünyada olan qarışıqlıq, eyni zamanda postpandemiya gərginlikləri insanların xarakterinə və münasibətlərinə təsir edir. Bir tərəfdən də müharibədən çıxmış bir ölkəyik, əlavə olaraq insanların şəxsi zəmində də problemləri olur – bu və ya digər səbəblər istər-istəməz insanların psixologiyasını pozur.
Təəssüf ki, bunun fəsadları qurulmuş ailəyə və çox vaxt uşaqlara dəyir. Bəlkə də cütlüklər münasibətdə çatlamaları hiss etdikləri anda psixoloqa müraciət etsəydilər, bir çox ailə xilas ola bilərdi”.
E.Akimova diqqətə çatdırıb ki, bu yaxınlarda Milli Məclisdə məktəblərdə psixoloji dəstəyin gücləndirilməsi, psixoloqlarla şagirdlərin qarşılıqlı əlaqəsi ilə bağlı təkliflə çıxış edib:
“Düşünürəm ki, bu məsələni də Milli Məclisin payız sessiyasında qaldırmaq lazımdır. Evlənməyə hazırlaşan cütlüklərin tibbi müayinə ilə yanaşı həm də psixoloji müayinədən keçməyinin qanun halına salınması çox yaxşı olar. Bundan həm cəmiyyətimiz qazanar, həm də ailə quran cütlüklərdən arxayın olarıq”.
Şəfiqə Şəfa, Bizim.Media