Buzovna qəsəbəsi, Zuğulba ərazisində sakinlər günlərdir ki, susuzluqdan əziyyət çəkirlər.
Bizim.Media xəbər verir ki, bu barədə ərazidə yaşayan sakinlərdən redaksiyamıza şikayətlər daxil olub.
Sakinlərin sözlərinə görə Rasim İmanov küçəsindəki mənzillərə ayın 14-dən su gəlmir. Ondan öncəki günlərdə isə su ya təzyiqsiz verilib, ya da heç verilməyib. Sakinlər dəfələrlə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin qaynar xəttinə müraciət etsələr də, problem həll olmayıb.
Sakin Günel Mirzəyeva deyib ki, dünən qaynar xətdən onlara deyilib ki, bu gün günün birinci yarısına qədər su veriləcək. Amma su hələ də verilmir.
Bəs yayda əsas istirahət zonalarından biri sayılan Buzovnanın susuz qalmasının səbəbi nədir
Vətəndaşların müraciətləri niyə nəticəsiz qalır?
Bizim.Media məsələylə əlaqədar İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanlayıb.
Qurumdan verilən açıqlamada bildirilib ki, problem təzyiqlə bağlıdır
“Qeyd olunan ünvanda su təchizatında təzyiqlə bağlı müvəqqəti çətinliklər müşahidə olunur. Məsələ ilə bağlı müvafiq rayon sukanal idarəsinin mütəxəssisləri tərəfindən səbəblər araşdırılır və problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür. Tezliklə abonentlərin su təchizatı əvvəlki rejim üzrə bərpa olunacaq”,-deyə məlumatda bildirilib.
Məsələni diqqətdə saxlayacağıq.
Nəzrin Mirzəyeva, Bizim.Media