"Qaynanam Əzimə xanım 8 ay bundan əvvəl vəfat edib. Son dəqiqəsinəcən o, Məzahirdən bir xəbər gözləyirdi, çünki Vətən Müharibəsindən sonra ailədə doğmalarının hamısından DNT analizi götürülmüşdü. Hamımız ümid edirdik ki, Məzahir illər sonra evimizə sağ-salamat gələr. Amma sümüklərinin tapılması xəbəri gəldi".
Bu sözləri Bizim.Media-ya Ağdərədə sümüklərinin qalığı tapılan Birinci Qarabağ şəhidi Məzahir Kərimovun həyat yoldaşı Nəzakət Kərimova deyib.
Onun sözlərinə görə, 1994-cü il yanvarın 28-də könüllü olaraq Qarabağ döyüşlərinə qatılan Məzahir Kərimov Murovdağda xidmət edib.
Uzun müddət ondan heç bir xəbər olmayıb. On gün əvvəl onun və qaynı Aslan Kərimovu Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına dəvət ediblər. Həmin görüşdə Kərimovlara Məzahirin sümüklərinin tanınması, doğmalarından alınan DNT analizinin köməyi ilə şəxsiyyətinin təsdiqlənməsi barədə məlumat verilib.
Nəzakət Kərimova deyir ki, itkin şəhid Məzahir Kərimovla 1990-cı il oktyabr ayının 27-də ailə həyatı qurduğunu dedi.
O cəbhəyə gedənəcən 2 qız övladı doğulub. Hazırda nəvələri də var. Nəzakət Kərimova artıq qızları Sevinlə Zülfiyyənin ailəli olduqlarını deyib.
Bildirdi ki, Zülfiyyənin 2 yaşlı oğlu itkin şəhid babası Məzahirin adını daşıyır.
Onun sözlərinə görə, 31 ildən sonra həyat yoldaşının sümüklərinin qalığının tapılması onların gözünü yollardan yığdı:
"Sağ gələcəyini gözləyirdik. Amma həyatda olmasa da barəsində xəbər çıxması ailəmizin intizarına son qoydu. Bu işdə əməyi olan bütün dövlət qurumlarına ailəmizin minnətdarlığını bildirirəm" - deyən itkin şəhid Məzahir Kərimovun xanımı Nəzakət Kərimova vurğulayıb.
Qarabağ döyüşlərinin itkin şəhidi sabah Xaçmaz rahonunun Usta Cəlilli kənd qəbristanlığında torpağa tapşırılacaq.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu