Dünya əhalisinin sayı dəyişkəndir. Bu dəyişkənlik ölkəmizə də xasdır. Son illərdə Azərbaycanda əhalinin təbii artım tempi nəzərə çarpacaq dərəcədə azalır.
Statistik rəqəmlərə görə, hər 1000 nəfərə düşən artım tempi 2011-ci ildən başlayaraq azalıb. 2023-cü il üçün təbii artım 52 470, 2024-cü ilin əvvəlinə isə 43 401-ə qədər aşağı düşüb.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan sosioloq Mail Yaqub deyib ki, son ildə doğum sayının azalmasının bir neçə səbəbi var:
“Birinci səbəbi insanların həyata baxışının dəyişməsidir. İnsanların həyata, həyat standartlarına baxışı dəyişib. Onlar istəyirlər ki, az uşaq olsun, lakin onların rifah səviyyəsi yüksək olsun, uşaqlara keyfiyyətli təhsil verə bilsinlər, yüksək həyat şəraiti qura bilsinlər. Ona görə də bir-iki uşaqla kifayətlənirlər. Həyata baxış tərzi dəyişib”.
O, bildirib ki, digər səbəblər arasında nikahların sayının azalması, boşanmaların isə çoxalması durur:
“Boşanma sayı çoxalanda, ailə dağılanda təbii ki, artım da az olur. Dördüncü səbəb isə sosial problemlərdir. Yəni bəzi ailələr istəyirlər ki, uşaqları çox olsun, amma kasıblıqla, sosial problemlərdən bunu edə bilmirlər. Ev, iş, uşaqların təhsil problemi buna mane olur. Ötən əsrin 60-70-ci illərində bu problem var idi, amma artım çox idi. Ona görə ki, onda insanların həyata baxışı fərqli idi. İndi o vacib zəruri ehtiyacdır.
O vaxt hər fəsli bir paltarla başa vururdular, indi hər fəsildə 4-5 dəst paltarın olmasını istəyirlər. O vaxtkı həyat tərzi ilə indiki çox fərqlidir. Bu dörd amil Azərbaycanda artımın azalmasına səbəb olub. Mənə görə, bu daha da azaqlacaq və bunun üçün ciddi tədbirlər görmək lazımdır”.
O, selektiv abortların da ciddi problem olduğunu qeyd edib:
“Təəssüflər olsun ki, hələ də bəzi yerlərdə qız uşaqlarına baxış mənfidir, selektiv aborta görə oğlanların sayı çoxalır”.
Günay Şahmar, Bizim.Media