Rusiyanın bəzi bölgələrində çimərlikdən kənarda açıq geyimdə gəzməyə görə cərimə tətbiq oluna və ya 15 günlük həbs qərarı verilə bilər. Geyim normaları ilə bağlı belə inzibati tədbirlər ictimaiyyət arasında ciddi müzakirə mövzusuna səbəb olub.
Son dövrlərdə Azərbaycanda, xüsusilə paytaxt Bakıda və istirahət zonalarında da gənc qadınların çimərlik geyimindən fərqlənməyən paltarlara üstünlük verməsi yerli ictimaiyyətdə də qınaq yaradır.
Xüsusilə yay aylarında qadınların daha sərbəst, bəzən də cəmiyyətin bir hissəsi üçün çox açıq hesab edilən geyimlərə üstünlük verdiyi göz önündədir. Bu açıqlıq yalnız dəblə deyil, həm də fərdin azadlığa artan marağı və həyat tərzi ilə bağlıdır. Amma bu, digər tərəf, yəni daha mühafizəkar təbəqə arasında əxlaqi dəyərlərin itməsi kimi görünür.
MÖVZU İLƏ BAĞLI:
Açıq-saçıqlıq… – Mağazalarda qapalı geyimlər niyə TAPILMIR?
Belə bir ikili baxış fonunda hər hansı sərt qadağalar tətbiq etmək riskli ola bilərmi? Ümumiyyətlə Azərbaycan cəmiyyəti belə bir addıma hazırdırmı?
Hüquqşünas Cavid Yolçuyev Bizim.Media-ya bildirib ki, Azərbaycanda geyimə görə inzibati cərimələr və ya qadağalar tətbiq olunarsa, cəmiyyətdə ikitirəlik yarada bilər.
“Gənclər, xüsusilə qadınlar bu addımı azadlıqlarının pozulması kimi qəbul edəcək. Sosial şəbəkələrdə etirazlar qalxa bilər. Bu cür sərt müdaxilələr həm də Azərbaycanın imicinə də mənfi təsir edər, istənilən halda insan hüquqlarına və seçimlərinə müdaxilədir”, - deyə o, vurğulayıb.
Hüquqşünas deyir ki, geyimin tənzimlənməsində qadağalar yox, mədəni zövqün formalaşdırılması əsas olmalıdır. İnsanlar nə geyinəcəyini qorxu ilə yox, anlayışla seçməlidirlər. Qanunların və cəmiyyətin işi insanlara necə geyinməli olduqlarını diktə etmək deyil, onlara estetik düşüncə və məsuliyyət hissi aşılamaqdır.
Bu arada Qərb mütəxəssisləri iddia edirlər ki, prostat xərçənginin əsas səbəblərindən biri qadınların açıq-saçıq geyimidir. ABŞ-da aparılmış araşdırmalardan sonra məlum olub ki, açıq-saçıq geyimlərə görə gün ərzində kişilərin alt şüuruna 150-200 dəfə seksual siqnal ötürülür. Kişi əksər hallarda bunu hiss etmir.
Nəticədə, kişilərdə özündən asılı olmadan prostat adenoması və toxumların faizinin aşağı düşməsi baş verir. Tez-tez cinsi həvəsə düşən, lakin bunu reallaşdıra bilməyən kişilərdə get-gedə qadına həvəssiz münasibət yaranır.
Həkim-androloq Ağa Ağazadə Bizim Media-ya bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatın qənaətində prostat vəzi xərçənginin konkret bilinən səbəbləri var ki, onların arasında yuxarıda iddia olunan səbəblər yoxdur:
“Əksinə Təşkilatın Uroloji-androloji Assosasiyası bildirir ki, seksual fəaliyyət prostat vəzi sağlamlığı üçün xeyirlidir. Qadınların geyimi əks təsir göstərir kimi əsassız, təsdiqini tapmayan fikirlər doğru deyil. Yəni tibbi olaraq birmənalı şəkildə belə bir şey yoxdur”.
Şəfiqə Şəfa, Bizim Media