Bakının Binəqədi rayonu Zəngəzur küçəsində yerləşən evlərə içməli suyun verilişində problem yaranıb.
Bizim.Media xəbər verir ki, bu barədə qafqazinfo.az-a sözügedən ərazidə yaşayan sakinlər müraciət edib.
Vətəndaşların sözlərinə görə, artıq 4 gündür ki, ərazidə su problem yaşanır: “Aidiyyəti qurumla əlaqə saxladıq, dedilər ki, qəza baş verib. Ancaq nə zaman həll olunacağı ilə bağlı məlumat verilməyib. Belə isti havada 4 gün susuz qalmaq nə deməkdir? Çətinlik çəkirik”.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, qeyd olunan ərazidə içməli su xəttində qəza olub: “Su şəbəkəsinin qəzalı hissəsinin yaşayış evinin altında yerləşməsi təmir-bərpa işlərinin vaxtında tamamlanmasına müəyyən çətinliklər yaradıb.
Hazırda Binəqədi rayon Sukanal İdarəsinin qəza briqadası tərəfindən aparılan təmir işləri yekunlaşmaq üzrədir. İçməli suyun verilişi bu gün axşam saatlarından etibarən mərhələli şəkildə bərpa olunacaq”.
Bizim.Media