Oğuz rayonunun Calud kəndində Birinci Qarabağ müharibəsi şəhidinin xatirəsi yaxınları tərəfindən bulaq tikilərək əbədiləşdirilib.
Bu barədə Bizim.Media-nın yerli bürosuna şəhid Qaryağdı Bayramovun yaxınları məlumat verib.
Qeyd olunub ki, Qaryağdı 1973-cü ildə Kəlbəcər rayonu, Bəzirxana kəndində anadan olub. 1992-ci ildə hərbi xidmətə yollanıb.
Qaryağdı Kəlbəcər batalyonunda topçu, daha sonra isə top komandiri kimi xidmət edib. O, 12 aprel 1993-cü ildə Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşüb. Ailə üzvləri Kəlbəcər rayonu işğal olunduqdan sonra Oğuz rayonunun Calud kəndində məskunlaşıblar.
Qaryağdı itkin kimi bu gün də müvafiq dövlət orqanları tərəfindən axtarılır. Şəhidin adına istifadəyə verilən bulağın açılış mərasimində ailə üzvləri, qohumları, kənd ictimaiyyəti iştirak edib.
Çıxış edənlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 gün ərzində ölkəmizin ərazi bütövlüyünü, 2023-cü ildə isə 23 saat ərzində dövlətimizin suverenliyini tam bərpa etdiyini diqqətə çatdırıblar.
Döyüşlərdə şəhid və qazilərin göstərdiyi qəhrəmanlığın gənc nəsillər üçün örnək olduğu vurğulanıb. O da qeyd olunub ki, Birinci Qarabağ müharibəsində Vətən uğrunda canlarından keçən Azərbaycan oğulları bu gün də unudulmur.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu