Dünyanın ən nüfuzlu reytinq agentliklərindən biri olan “Quacquarelli Symonds” tərəfindən 2026-cı il üçün dünyanın ən yaxşı tələbə şəhərlərinin reytinqi elan olunub. Sözügedən reytinq xarici tələbələr üçün yaşamaq və təhsil almaq üzrə dünyanın ən yaxşı şəhərlərinin siyahısını müəyyən edir.
Bizim.Media xəbər verir ki, ümumilikdə 58 ölkədən 150 şəhərin daxil olduğu 2026-cı ilin reytinqində Bakı şəhəri 117-ci mövqedə təmsil olunur. Sözügedən reytinqin 2023-cü il buraxılışında Bakı şəhəri 126-cı mövqedə yer alıb, 2024 və 2025-ci illərin buraxılışında isə reytinqdə təmsil olunmayıb.
Qeyd edək ki, Azərbaycan Cənubi Qafqaz regionu üzrə “QS dünyanın ən yaxşı tələbə şəhərlərinin reytinqi”ndə təmsil olunan yeganə ölkədir. Mərkəzi Asiya regionu ilə müqayisədə isə Qazaxıstanın Almata şəhərindən sonra (91-ci mövqe) Bakı şəhəri 2-ci sıradadır. Belə ki, müvafiq region üzrə reytinqə daxil olan Astana şəhəri (Qazaxıstan) 127-ci, Bişkek şəhəri (Qırğızıstan) isə 138-ci mövqedə yer alıb.
Qiymətləndirmə zamanı şəhərin arzuolunanlığı (ətraf mühit və təhlükəsizlik), əlverişliliyi (təhsil haqları və ümumi yaşayış xərcləri), tələbələrin şəhərin əhalisi üzrə payı, tolerantlıq və inklüzivliyə görə şəhərin nüfuzu, məşğulluq imkanları, “QS dünya universitetlərinin reytinqi”ndə şəhər üzrə təmsil olunan universitetlərin sayı, o cümlədən şəhərdə yaşayıb təhsil almış tələbələrin fikirləri kimi meyarlar təhlil olunur.
Bizim.Media