Milli Mətbuatın 150 illik yubileyi münasibətilə media nümayəndələri üçün “Sosial Jurnalistika” təlimi təşkil olunub.
Bizim.Media xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Təlim və İnkişaf Mərkəzində keçirilən təlimdə ölkənin müxtəlif media resurslarını təmsil edən 20-dən çox jurnalist iştirak edib.
Təlimin əsas mövzusu DOST Agentliyi tərəfindən göstərilən xidmətlər olub.
Jurnalistlərə DOST Konsepsiyasının mahiyyəti, “Bir pəncərə” modeli çərçivəsində xidmətlərin təşkili, rəqəmsallaşma səviyyəsi, xidmət kanalları, şəbəkənin genişləndirilməsi strategiyası və “Könüllü DOST” proqramı barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, DOST Agentliyi tərəfindən vətəndaşlara 13 əsas istiqamət üzrə ümumilikdə 161 adda sosial xidmət göstərilir. Bu xidmətlərin 92 faizi rəqəmsal formatda əlçatandır ki, bu da vətəndaşların xidmətlərə daha sürətli, şəffaf və rahat şəkildə çıxışını təmin edir.
Təlim zamanı iştirakçılar DOST mərkəzlərinin fəaliyyəti ilə bağlı praktiki nümunələrlə də tanış olublar.
Sonda jurnalistlərin sualları cavablandırılıb, sosial sahədə informasiya mübadiləsinin gücləndirilməsi yolları müzakirə olunub və iştirakçılara sertifikatlar təqdim edilib.
“Sosial Jurnalistika” təlimlərinin keçirilməsində əsas məqsəd media nümayəndələrinin sosial müdafiə sahəsinə dair biliklərinin artırılması, mövzulara peşəkar yanaşma bacarıqlarının inkişaf etdirilməsi və media ilə səmərəli əməkdaşlığın qurulmasıdır.
Aygün Hüseyn, Bizim.Media