İyulun 13-də saat 23:20-də baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar beş nəfər (kişi cinsli) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) yayıb.
Bildirib ki, müxtəlif növ bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi yardımlar göstərilib.
"Vəziyyətləri stabil olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda qeyd edilib.
Xatırladaq ki, Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Rizvan Vaqif oğlu Abasovun idarə etdiyi "KIA Rio" markalı avtomobil ilə 1993-cü il təvəllüdlü Təbriz Ələz oğlu Baxışzadənin idarə etdiyi "Skoda Rapid" markalı avtomobil toqquşub.
Hadisə nəticəsində "KIA Rio"nun sürücüsü R.Abasov hadisə yerində ölüb, yanında olan oğlu 1991-ci il təvəllüdlü Kənan Rizvan oğlu Abasov, eləcə də "Skoda Rapid" markalı avtomobilin sürücüsü T.Baxışzadə, sərnişinlər - 1986-cı il təvəllüdlü Rahib Sahib oğlu İsmayılov, 1961-ci il təvəllüdlü Nazim Vahab oğlu Əliyev, və 1995-ci il təvəllüdlü Qurban Saqif oğlu Qurbanov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinə yerləşdiriliblər.
Bizim.Media