Xəbər verdiyimiz kimi, Salyanda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər həyatını itirib. Hadisə ilə bağlı bəzi təfərrüat məlum olub.
Bizim.Media xəbər verir ki, qəza Parça Xələc kəndi ərazisində baş verib. Belə ki, Seyidan kəndindən Gəncəli kəndi istiqamətində hərəkət edən “QAZ-31” markalı avtomobil idarəetməni itirərək yol kənarındakı su kollektoruna aşıb.
Nəticədə avtomobildə olan Gəncəli kənd sakinləri – 1971-ci il təvəllüdlü Qafarov Sərraf Abbasağa oğlu, 1989-cu il təvəllüdlü Dəmirov Camal Mürşüd oğlu və 1987-ci il təvəllüdlü Həsənov Ramiq Vahil oğlu hadisə yerində dünyasını dəyişib.
İlkin məlumata görə, hər üç şəxs yaxın qohum olublar. Onlar günorta birgə yemək yedikdən sonra sahəyə iş dalınca gedirmişlər. Hadisə təsadüfən yaxınlıqda olan digər bir qohum tərəfindən müşahidə olunub. O, dərhal kömək etmək məqsədilə özünü su kanalına atsa da, maşının pəncərəsindən içəri dolan su səbəbindən heç birini xilas etmək mümkün olmayıb.
Onların hər üçünün suda boğularaq öldüyü məlum olub.
Qeyd edək ki, vəfat edən şəxslərdən biri yaxın günlərdə yeni tikdiyi evə köçməyə hazırlaşırmış. O cümlədən hər üç mərhum evli olub.
Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu