Qlobal siyasi düzəni geridönməz şəkildə dəyişən Rusiya-Ukrayna müharibəsi artıq tədqiqat mərkəzlərində beynəlxalq hərbi-siyasi böhran kimi təfsir olunur. ABŞ, Avropa və Rusiya kimi güc mərkəzlərinin qarşı-qarşıya dayandığı bu münaqişəni çoxdan “üçüncü dünya müharibəsi” adlandırırlar. Məsələ ondadır ki, 2022-ci ildə Kremlin Ukrayna cəbhəsində “blits-kriq”, yəni ildırımsürətli qələbə qazanacağını iddia edənlər bu gün konfliktin uzun illər səngiməyəcəyini proqnozlaşdırmağa başlayıblar. Bunun üçün bir neçə ciddi səbəb göstərilir.
Əvvəla, münaqişə tərəfləri olan Rusiya və Ukrayna heç bir halda kompromisə gələ bilmir və Kremlin irəli sürdüyü sülh formulu Ukraynanın parçalanması kimi qiymətləndirilir. Üstəlik, 3 ildən bəri davam edən müharibə Ukrayna infrastrukturuna sağalmaz zərbələr vurub və müharibə bitsə belə, onun iqtisadi təsirlərini uzun müddət aradan qaldırmaq mümkün olmayacaq. İkincisi, problemlə birbaşa bağlı olan maraqlı tərəflər – ABŞ və Avropa İttifaqının qeyri-ardıcıl mövqeyi müharibənin yeni fazalara keçə biləcəyini istisna etmir.
İyulun 14-ü tarixə hansı mesajlarla düşəcək?
Analitiklər ən çox mütəhərrik mövqe kimi ABŞ-nin yürütdüyü dəst-xətti götürürlər. Əgər Co Bayden dönəmində Ağ ev davamlı şəkildə Rusiyanın məğlubiyyətə uğradılması üçün bütün resursların səfərbər edilməsi təşəbbüsü ilə çıxış edirdisə, Donald Tramp məsələlərə bir qədər fərqli prizmadan, fərqli rakursdan baxır. Hətta bəzi hallarda ABŞ-nin indiki prezidentinin Ukrayna məsələsinə iqtisadi maraq prizmasından yanaşdığı bildirilir. Ukraynaya məxsus mineral ehtiyatlar barədə sazişin faktiki, təzyiqlər hesabına imzalanması Birləşmiş Ştatların obrazlı desək, müharibə üzərindən siyasi oyunlar oynadığı şəklində dəyərləndirilir. Lakin oyunlar bununla bitmir. Donald Trampın bəyanatlarında müşahidə olunan ziddiyyətlər Volodimir Zelenskini də çaş-baş qoyur və onu Qərbin ətəyindən daha israrla yapışmağa sövq edir.
Məsələn, Donald Tramp Rusiya və Ukraynaya qarşı yeni addımlar atmaq niyyətində olduğunu bildirir. Başqa sözlə desək, o, “müharibəni mən bitirdim” deyilsin deyə Moskva və Kiyevi müharibənin sosial-psixoloji aspektlərini nəzərə almadan sülh masasına oturtmağa çalışır. Bu, baş vermədikdə isə həm Vladimir Putinə, həm də Ukrayna prezidentinə açıq ultimativ mesajlar ünvanlayır. Tramp administrasiyası və Konqresin qarşıdakı müddətdə verəcəyi qərarlar isə bütün dünya ictimaiyyətini intizarda saxlayır. Belə ki, Tramp Putinlə son telefon danışıqlarınnın nəticəsiz bitdiyini görərək “Yaxın günlərdə bir şey olacağını görəcəksiniz” deyir, Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqu Kiyevə göndərir, iyulun 14-ə təsadüf edəcək həmin görüşdə Ukraynaya silah təchizatı və hava hücumundan müdafiə sistemləri məsələlərinin müzakirəsi nəzərdə tutulur. Birləşmiş Ştatlar Konqresinin Senatında isə Silahlı Qüvvələr Komitəsi Ukraynaya növbəti illər üçün nəzərdə tutulmuş irihəcmli hərbi yardım paketini təsdiqləyir. Beləliklə, 2028-ci ilə qədər ABŞ Ukraynaya 500 milyon dollar həcmində hərbi yardım ayırmaq niyyətindədir. Komitənin təsdiqlədiyi 2026-cı il üçün ABŞ müdafiə büdcəsi haqqında qanun layihəsi isə Pentaqonu Ukrayna hökumətinə kəşfiyyat dəstəyi göstərməyə məcbur edir. Söhbət kəşfiyyat məlumatları, analitik hesabatlar və peyk görüntülərinin paylaşılmasından gedir. Bu, faktiki, okeanın o tayında “sərt xətt tərəfdarları”nın üstünlük qazandığı və prezident Trampın da həmin xətti yürüdənlərə dəstək verdiyi anlamına gəlir.
Ancaq Ağ ev sahibinin siyasi gedişlərində bəzən sürprizlər ortaya çıxdığından – məsələn, İran məsələsində Tramp Tehrana 2 həftə vaxt verdiyini desə də, bu vəddən qısa müddət sonra İranın nüvə obyektlərinə zərbə endirdi – Ukraynaya maliyyə yardımları məsələsində tam arxayınlaşmaq olmaz. Amerika liderinin bir neçə gün bundan öncə NATO-nun Haaqada keçirilən sammitinə hansı şərtlər daxilində qatıldığını yəqin ki, Avropa liderləri və Ukrayna prezidenti hələ unutmayıblar. Bəli, hazırda cənab Tramp Rusiyadan narazıdır və Moskva əleyhinə istənilən təklifi dəstəkləyə bilər. Bu xüsusda onun 14 iyul anonsu tək Kiyev və Moskvada deyil, qlobal güc mərkəzlərinin paytaxtlarında da səbirsizliklə gözlənilir. Bununla belə, bəzi qorxulu və sonu proqnozlaşdırılmayan hadisələrin baş verə biləcəyinə dair versiyalar irəli sürülür. Məsələn, bu günlərdə CNN kanalı hələ prezident olmamışdan öncə - 2024-cü ildə Trampın Moskva və Pekini bombalayacağı ilə bağlı səs yazısını yaydı. Odur ki, çoxları Ağ evdən Rusiya və Çinə dair çox mühüm qərarın veriləcəyini proqnozlaşdırır. Söhbət ciddi sanksiyaların tətbiqindən də gedə bilər. Özü də tək Rusiyaya yox, Rusiyadan enerji resursları alan bütün ölkələr ABŞ-nin sanksiyalarının təsiri altında qala bilər. Odur ki, hər kəs iyulun 14-də gözlənilən bu bəyanatın Ukrayna cəbhəsində hərbi-siyasi panoramanı dəyişə biləcəyi düşüncəsindədir.
Avropa Rusiyadan 500 milyard avro təzminat istəyir
ABŞ-dən fərqli olaraq Avropa İttifaqına üzv dövlətlərin Ukrayna problemi ilə bağlı mövqeləri daha ardıcıl və prinsipial səciyyə daşıyır. “Qoca qitə” təmsilçiləri Rusiyaya ən sərt sanksiyaların tətbiqində Vaşinqtondan daha çox israr edir və Kiyevə hərbi yardımların davamına çalışır. Doğrudur, onlar ABŞ-nin liderliyi olmadan Rusiya qarşısında Ukraynanı hərbi cəhətdən dəstəkləmək hesabına sona qədər dayana bilməyəcəklərini anlayırlar. Odur ki, avropalılar Birləşmiş Ştatlar prezidentinin “şıltaqlıqlar”ına bir qədər səbrlə yanaşır, Trampın tələb etdiyi kimi, yaxın illərdə hərbi büdcələrini artıracaqlarını vəd edirlər. Paralel olaraq Qərb dövlətləri iyulun 10-da Romada keçirilən “Ukraynanın bərpası” konfransında Kiyevə yardım məqsədilə 10 milyard avro verəcəkləri öhdəliyini götürdülər.
Ukrayna trekində Almaniya da çox fəal addımlar atır. Bu ölkənin federal kansleri hesab edir ki, Rusiya Ukraynaya vurduğu ziyana görə 500 milyard avro kompensasiya ödəməlidir, əks halda, onun dondurulmuş aktivlərinə çıxış imkanı əlindən alınacaq. Qərb fəlsəfəsinə görə, beynəlxalq hüquq və ədalət prinsipinə uyğun olaraq, Rusiya işğal nəticəsində Ukraynaya dəyən maddi ziyana görə mütləq cavabdehlik daşımalıdır. Fridrix Merts yaxın zamanlarda ABŞ-dən “Patriot” hava hücumundan müdafiə sistemlərinin alınacağını və həmin sistemlərin dərhal Kiyevə ünvanlanacağını bildirir. Nəhayət, “Qoca qitə”nin daha 2 lider dövləti – Fransa və Böyük Britaniya Rusiyanın nüvə təhdidlərindən Avropanı müdafiə etməkdən ötrü hər iki ölkənin nüvə silahlarından birgə istifadə olunacağı barədə razılığa gəldilər. Bu, dolayısı, hazırda 5500 ədəd nüvə başlığına sahib Rusiyanı qarşıya almaq deməkdir. Doğrudur, Ukrayna cəbhəsində vəziyyət daha da mürəkkəbləşəcəyi təqdirdə London və Paris Rusiyaya qarşı yerüstü əməliyyatları stimullaşdıra bilər, lakin hər kəsə aydındır ki, ABŞ-nin dəstəyi olmadan bu mübarizədən qalib çıxmaq mümkün deyil. Tramp isə hələ ki, avropalıların xərclərini ödəmək və təhlükəsizliklərini qorumaq məsələsində o qədər də maraqlı görünmür. Bir sözlə, Fransa və Böyük Britaniyanın yaratdığı “Arzu edənlər koalisiyası” okeanın o tayından siyasi və hərbi asılılıqdadır.
Kreml Birləşmiş Ştatların sanksiyalarına hazırdır
ABŞ və Avropa dövlətlərinin son sərt bəyanatlarına Rusiyadan verilən cavablar da təəccüblü görünür. Məsələn, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ prezidentinin ritorikasını şərh edərək deyir ki, Kreml Trampın sərt bəyanatlarına sakit yanaşır və Vaşinqtonla dialoqu davam etdirmək niyyətindədir.
“The New York Times” nəşri isə Kremldəki mənbələrə istinadən xəbər verir ki,
Vladimir Putin Vaşinqtondan gələn etirazlara əhəmiyyət vermir. Çünki, Moskva döyüş meydanında üstünlük qazandığını hiss edir və Ukraynanın müdafiə xəttinin yaxın aylarda dağılacağını düşünür. Nəşrə görə, hücumun dayandırılması Rusiya üçün istisnadır və Moskva Kiyevdən istədiyini almayınca, ona ünvanlanan xəbərdarlıqları yaxına buraxmayacaq. Hətta şimal dövlətinin ABŞ-nin yeni sanksiyalarına hazır olduğunu da deyirlər. Putin isə Ukrayna istiqamətində hərbi məqsədlərinə çatdıqdan sonra Trampla anlaşa biləcəyinə ümid bəsləyir.
Başqa bir media – “The Economist” nəşri yazır ki, Ukrayna müharibəsi Rusiyanın Cənubi Qafqaz üzərində nəzarətini sarsıda bilər. Xüsusilə, Azərbaycan və Ermənistan arasında sülh perspektivləri Kremlin regiona təsir imkanlarına ciddi zərbə vuracaq. Nəşr onu da qeyd edir ki, Rusiya-Ukrayna və İsrail-İran münaqişələrinə yaxın olan Cənubi Qafqaz supergüclərin geri çəkildiyi və orta güclərin ön plana çıxdığı mərhələni yaşayır. Ona görə də qlobal güclərin Ukrayna böhranı üzərindən irəli sürdükləri narrativlərin ziddiyyətli xarakteri Azərbaycanın yerləşdiyi coğrafi məkanın da təhlükəsizliyi üçün ciddi problemlər yarada bilər.
Əlibala Məhərrəmzadə, Milli Məclisin deputatı