Azərbaycan Mətbuat Şurası "Sputnik Azərbaycan" informasiya agentliyinin Azərbaycandakı fəaliyyəti ilə bağlı bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, sözügedən media qurumu Rusiya Federal Təhlükəsizlik Xidmətinin bir uzantısı kimi fəaliyyət göstərib və əslində jurnalistika adı altında casusluqla məşğul olub.
Mətbuat Şurası hesab edir ki, "Sputnik Azərbaycan" Sovet dönəmində jurnalist adı altında həyata keçirilən kəşfiyyat fəaliyyətinin müasir formasıdır və Rusiyanın siyasi maraqlarına xidmət edib. Həmçinin qeyd olunub ki, bu cür hərəkətlər başqa ölkələrin daxili işlərinə müdaxilə olaraq, yerli ictimai qurumların fəaliyyətini sarsıdır və hakimiyyətə olan etimad səviyyəsini azaldır.
Məsələ ilə bağlı fikirlərini Bizim.Media-ya bölüşən Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, bu agentlik faktiki olaraq jurnalistika adı altında fəaliyyət göstərən bir agentura şəbəkəsidir:
MÖVZU İLƏ BAĞLI:
Mətbuat Şurası: ““Sputnik Azərbaycan” Jurnalistika pərdəsi altında casusluqla məşğul olub”
"Rusiya Jurnalistlər İttifaqına bağlı olan "Sputnik Azərbaycan" əslində Federal Təhlükəsizlik Xidmətinin bir orqanıdır. Bu quruma rəhbərlik edən şəxslərin birbaşa həmin sistemlə əlaqəli olduğu, əvvəllər orada çalışdıqları və indi də əməkdaşlıq etdikləri məlumdur. Bu, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması, dövlətlərin daxili işlərinə müdaxilə deməkdir", - deyə deputat diqqətə çatdırıb.
Millət vəkili qeyd edib ki, Azərbaycanda sözügedən agentliyin rəhbər şəxslərinin saxlanılması və onların hərəkətlərinə hüquqi qiymət verilməsi jurnalistikaya qarşı təzyiq kimi təqdim edilə bilməz:
"Bu məsələ söz və mətbuat azadlığı ilə əlaqəli deyil. Azərbaycan hüquqi dövlətdir və istənilən fəaliyyət hüquqi müstəvidə dəyərləndirilir. Bundan əlavə, bu qurum artıq 32 ölkədə qadağan edilib. Yəni təkcə Azərbaycan yox, bir çox ölkə bu qurumun fəaliyyətində casusluq elementləri görür", - deyə Elman Nəsirov bildirib.
Deputat Rusiyanın məsələyə emosional reaksiya verməsini də əsassız sayır:
"Rusiyanın bu məsələ ətrafında hay-küy salması absurddur. Onlar əgər həqiqətən jurnalistidirlərsə, jurnalistika ilə məşğul olsunlar, casusluqla yox! Azərbaycan dövlətinin atdığı addım beynəlxalq təcrübəyə uyğundur və dünya ictimaiyyəti tərəfindən təəccüblə qarşılanmır".
Aygün Hüseyn, Bizim.Media