Britaniya həkimləri COVID-19-un “Stratus”(XFG.3) adlı yeni ştammının yoluxma hallarının artdığını qeydə alırlar.
Bizim.Media xəbər verir ki, yeni virus ölkə üzrə sürətlə yayılır və artıq İngiltərədə bütün yoluxma hallarının təxminən 30%-ni təşkil edir.
Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyinin (UKHSA) məlumatına görə, hazırda XFG.3 alt-variantı ən fəal formadır və digər bütün virus versiyalarını geridə qoyub.
“Stratus” ştammının əsas xüsusiyyəti boğazda xırıltı və ya səsin tutulmasıdır. Bu simptom həkimlər tərəfindən infeksiyanın ən nəzərəçarpan əlaməti kimi qiymətləndirilir. “Stratus”, Omicron variantının yeni alt-növlərindən biridir.
Ölkədə həmçinin “Nimbus” (NB.1.8.1) adlı digər bir variant da müşahidə edilib. Bu ştamm yoluxmuş şəxslərdə şiddətli boğaz ağrısı ilə xarakterizə olunur. “Nimbus” artıq Çin və Honqkonqdan Avstraliya və ABŞ-yə də yayılıb.
Yayılsa da, hələlik “Stratus”un xəstəliyin daha ağır gedişatına səbəb olduğuna dair sübut yoxdur. Lakin bu ştammın virusun tikanvari (spayk) zülalında mutasiyalar daşıması narahatlıq doğurur. Bu da onu immunitetə qarşı daha davamlı edə bilər.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son məlumatına əsasən, 2024-cü il iyunun 22-nə olan vəziyyətə görə “Stratus” dünya üzrə COVID-19-un 22,7%-ni təşkil edir. ÜST bu variantı "nəzarət altında olan variant" kimi təsnifləşdirib və onu əhaliyə aşağı səviyyəli risk yaradan ştamm kimi qiymətləndirib.
Bizim.Media