Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyulun 11-də davam etdirilib.
Bizim.Media xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Zərərçəkmiş şəxs Mehriban Bəkirova ifadəsində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımı zamanı Ermənistan silahlı qüvvələri tərəfindən girov götürüldüyünü, Xankəndiyə aparılaraq orada 10 gün girov saxlanıldığını bildirib. Həmin vaxt onun 4 azyaşlı övladı, o cümlədən bir neçə günlük Günay adlı körpəsi olub. Yaşyarımlıq oğlu başından qəlpə xəsarəti alıb. Girovluqda işgəncələrə məruz qalıb, ondan Xocalı aeroportunda polis qismində çalışan həyat yoldaşı Abdulla Həmzəyev barədə məlumatlar tələb edilib. Qızı Günay girovluqda zərbələr alması səbəbindən 15 yaşında dünyasını dəyişib.
O, dövlət ittihamçısı Vüsal Abdullayevin sualına cavabında soyqırımından əvvəl də Xocalının mütəmadi olaraq atəşə tutulduğunu, buna görə də zirzəmiyə sığındıqlarını, körpəsini fevralın 23-də zirzəmidə dünyaya gətirdiyini söyləyib. Bildirib ki, girovluqda olarkən körpəsi ondan alınıb. Üç gün sonra Viktoriya adlı qeyri-erməni millətindən olan qadın körpəsini taparaq yanına gətirib.
Bu zaman məhkəmədə jurnalist Viktoriya İvlevanın (müxtəlif qəzetlərdə çalışmış hərbi fotomüxbir Viktoriya İvlevanın Xocalıda çəkdiyi fotolar “Müharibə cinayətinin Xocalı şahidi.
Ermənistan müttəhim kürsüsündə” kitabında da yer alıb – red.) “Moskovskiye novosti” qəzetində dərc olunmuş, özünün də fotosu yer alan qəzet səhifəsi nümayiş etdirilib. M.Bəkirova onlara kömək edən qadının fotodakı şəxs olduğunu təsdiqləyib.
Xocalı şəhər sakini Mürsəl İlyasov bildirib ki, Ermənistan silahlı qüvvələri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə hücum edəndə o və ailə üzvləri qonşuları Osman Həmdiyevin zirzəmisinə sığınıblar. Həmin vaxt orada 4 ailənin üzvləri, ümumilikdə 26 nəfər olub. Zirzəmiyə qumbara atılıb, ora atəşə tutulub. Nəticədə o, üzündən, sol qolundan və sağ əlinin barmaqlarından xəsarətlər alıb. Yaşadığı küçədəki evlərin əksəriyyəti, o cümlədən onların evi yandırılıb, 92 yaşlı nənəsi də evdə yanaraq ölüb. Zərərçəkmişin atası Məhəmməd İlyasov gözlərinin qarşısında güllələnib. Qardaşı Əhməd İlyasov da Ermənistan silahlı qüvvələri tərəfindən öldürülüb.
Ermənistan silahlı qüvvələri onları girov götürüb Xankəndiyə aparıblar. M.İlyasov dövlət ittihamçısı Təranə Məmmədovanın sualına cavabında bildirib ki, girovluqda olan zaman işgəncələrə məruz qalıb, döyülüb. Bir neçə gün sonra Azərbaycan hərbçilərinə təhvil verilib.
Zərərçəkmiş şəxs Əlövsət Quliyev bildirib ki, Xocalı şəhərində ailəsi ilə yaşayıblar. 1992-ci ildə soyqırımından əvvəl – yanvarın 21-də postda olarkən ermənilər tərəfindən açılan atəş nəticəsində başından güllə ilə yaralanıb. Fevralın 25-dən 26-na keçən gecə şəhərə hücum edilərkən zirzəmidə gizlənib. Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun sualına cavabında bildirib ki, Ermənistan silahlı qüvvələri şəhərə daxil olarkən oranı tərk edərək Ağdam rayonuna gəlib.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran zərərçəkmiş Əvəz Abbasov Kərkicahan sakini olduğunu, 1989-cu ildə ermənilərin onun və qardaşının üzərinə qumbara atdığını deyib. O bildirib: “Mən üçüncü sinif şagirdi idim, qardaşım Eyvaz birinci sinifdə oxuyurdu. Bir qrup şəxs yaxınlaşıb dedi ki, biz azərbaycanlılardan qisas alacağıq. Mən kömək üçün adam çağırmaq istəyəndə üstümüzə qumbara atdılar. Qardaşım həlak oldu, mən isə ağır yaralandım. Şuşa, Ağdam və Bakı xəstəxanalarında müalicə olundum”.
Digər qardaşının da ermənilər tərəfindən güllələndiyini deyən Ə.Abbasov onun sonradan Şuşanın müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olduğunu söyləyib.
Qiyas Alıyev ifadəsində Kəlbəcər rayonunun Ağdaban kənd sakini olduğunu, 1992-ci il aprelin 8-də Ermənistan silahlı qüvvələrinin kəndə hücumu zamanı ağır güllə yarası aldığını bildirib. Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin sualına cavabında deyib ki, kənddə evlər yandırılıb, mülki şəxslər, o cümlədən qohumları qətlə yetirilib. Kənd sakinlərindən 4 nəfəri tankla əzib qətlə yetiriblər.
“Hadisə zamanı hamı evdən çıxıb. Əmim baxıb ki, 5 yaşlı qız çıxmayıb. Girib evə, qızı kürəyinə alıb çıxanda qapının ağzında onların ikisinə bir güllə vurulub. Əmim həlak olub, qız isə yaralı idi, can verirmiş. Onu aparıb yaxınlıqdakı torpağı qazıb, yaralı vəziyyətdə oraya basdırmışdılar. Həmin vaxt əmimgilin bir qonşusu yaxınlıqda gizlənib, baş verənləri görürmüş. Erməni hərbçilər getdikdən sonra qonşu onların basdırıldığı yeri qazıb və qızın meyitini çıxarıb”, - deyə o əlavə edib.
Sadıq Rəhimov ifadəsində 1991-1993-cü illərdə Azərbaycan ərazilərinin müdafiəsi üçün döyüşlərdə iştirak etdiyini, Suqovuşanda yaralandığını deyib. “Orada Yevlaxdan olan yaralı bir əsgərin üstündən ermənilərin tankla keçdiyini görmüşəm”, - deyə zərərçəkmiş əlavə edib.
Tünzalə Paşayeva ifadəsində Xocalı sakini olduğunu, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin şəhərə hücum etdiyini bildirib. O, ailə üzvləri ilə Kətik meşəsinə sığınıb, sonra isə girov götürülüblər.
Girov götürülməzdən əvvəl Ermənistan silahlı qüvvələrinin hərbçiləri onun bibisi oğlu Mehdi Həsənovu güllələyib qətlə yetiriblər.
Yaşar Tağıyev ifadəsində 1992-ci və 1993-cü illərdə Azərbaycan ərazilərinin müdafiəsi uğrunda gedən döyüşlərdə yaralandığını söyləyib.
Rauf Mehtiyev ifadəsində 15 yaşı olarkən mal-qara otararkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürüldüyünü, girovluqda 18 gün qaldığını bildirib.
Zərərçəkənlər, həmçinin təqsirləndirilən şəxslərin, onların müdafiəçilərinin və özlərinin nümayəndələrinin suallarını cavablandırıblar.
Məhkəmə prosesi iyulun 14-də davam etdiriləcək.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.
Bizim.Media