Flinders Universitetinin Tibb Araşdırmaları İnstitutunun (FHMRI, Avstraliya) alimləri izah ediblər ki, işıq altında yatmaq orqanizmə zərərlidir.
Bizim.Media xəbər verir ki, onların araşdırmasına görə, gecə işıqlandırılması ürək-damar xəstəlikləri riskini artırır.
Məlum olub ki, gecə saatlarında güclü işıqlandırma beş növ ürək-damar xəstəliyinin yaranma ehtimalını artırır. Alimlərə görə, bu işıqlar ev və küçə işıqlandırması, eləcə də telefon, noutbuk, televizor kimi elektron cihazlardan gələn işıq ola bilər.
“Gecə işıqlandırılması bioloji saatlarımız olan sirkadiyal ritmlərin fəaliyyətini pozur və bu da ürək-damar sağlamlığına mənfi təsir edən risk faktorudur”, — deyə tədqiqatda bildirilir.
Qeyd olunur ki, sirkadiyal ritmlər yuxu və ayıqlıq rejiminə cavabdeh olmaqla yanaşı, qan təzyiqinin tənzimlənməsi, tromb (laxtalanma) əmələ gəlməsi və ürək döyüntüsünün tezliyi kimi bioloji funksiyalarda da mühüm rol oynayır.
Araşdırma müəlliflərinin sözlərinə görə, sirkadiyal ritmin hətta qısa müddətli pozulması belə tromb yaranması, sürətli ürək döyüntüsü, yüksək qan təzyiqi və iltihab riskini artırır. Tədqiqatda 88 905 nəfər iştirak edib və o, 9,5 il davam edib. İştirakçıların biləyinə bərkidilmiş işıq sensorları vasitəsilə toplanan məlumatlar analiz olunub. Alimlər gecə vaxtı işıqlanma səviyyəsi ilə aşağıdakı xəstəliklərin riski arasındakı əlaqəni təhlil ediblər:
İşemik ürək xəstəliyi
Miokard infarktı (ürək tutması)
Ürək çatışmazlığı
Qalxan (atriyal) fibrilyasiya
İnsult
Tədqiqatda iştirak edən şəxslərin heç birində ilkin mərhələdə ürək-damar xəstəliyi diaqnozu olmayıb. Gecə ən parlaq işıq mənbələrinə məruz qalan insanların isə :
İşemik ürək xəstəliyinə tutulma riski 23–32%,
Ürək tutması riski 45–56%,
İnsult riski isə 28–30% daha yüksək olub.
Onlarda həmçinin ürək çatışmazlığı riski 45–56%, fibrilyasiya epizodlarının tezliyi isə 28–32% çox olub.
Alimlər qeyd ediblər ki, gecə güclü işıqlandırmaya məruz qalan şəxslərdə işemik ürək xəstəliyi, miokard infarktı, ürək çatışmazlığı, fibrilyasiya və insult riski artıb. İşıqlandırmanın intensivliyi ilə xəstəlik riski arasında aydın və birbaşa proporsional əlaqə müşahidə olunub.
Tədqiqatçılar əlavə ediblər ki, daha yüksək risklər əsasən kişilər və yaşlı insanlarda müşahidə olunub. Qadınlarda isə gecə işığı daha çox ürək çatışmazlığı və işemik ürək xəstəliyi riski ilə əlaqələndirilib.
Nəticədə, alimlər belə qənaətə gəliblər ki, gecə vaxtı işıqdan uzaq durmaq ürək-damar xəstəlikləri riskini azaltmaq üçün yaxşı strategiya ola bilər.
Bizim.Media