“Pandemiya dövründə insanlar məcburi şəkildə təcrid olundular. Bu təcridolunma həmin insanları psixologiyasında bəzi dəyişikliklərə səbəb oldu. Sosiallaşmadan uzaq qalan insanlar daha sonra yenidən ünsiyyət yaratmaq problemi ilə üzləşdilər. Məcburiyyət qarşısında təklənən bir çox insanlar yeni reallıqda özləri üçün yeni yaşam tərzi formalaşdırmağa çalışdılar. Yeni həyat tərzində isə çoxları tək qaldı və özlərini tənhalığa öyrəşdirməyə çalışdılar.
Bəziləri üçün bu dönəm asan olsa da, çoxları depressiyaya düşdü. Tənhalıqdan boğuldu. Nəticədə təcridolunma hər birimizin həyatında dərin bir iz buraxmaqla yanaşı, gələcək həyat yolumuzu da dəyişdi”.
Bunu postpandemiya dövründə psixoloji sağlamlıq barədə Bizim.Media-ya danışan psixoloq Gülnar Orucova deyib.
O bildirib ki, bu gün postpandemiya dövründə insanlar daha əvvəlki kimi aktiv deyil:
“Sosiallaşmaya maraq azalıb. Çoxları tənha qalmağa, təcriddə yaşamağa üstünlük verir. Bu həm də insanların sosial durumu ilə də bağlıdır. Artıq bir çox insanlar əvvəlki kimi əyləncəyə, asudə vaxtlarını səmərəli keçirtməyə pul ayıra bilmirlər. Belələri ən yaxşı variantı evə qapanmaqda görür”.
Təcridolunmadan ən çox əziyyət çəkən kateqoriya isə uşaqlar oldu.
Müsahibimiz qeyd edib ki, distant təhsilə keçid uşaqları canlı ünsiyyətdən məhrum etdi:
“Nəticədə uşaqlar təcridolunmadan ən çox əziyyət çəkən kateqoriya oldu. Və bu günkü reallıq ondan ibarətdir ki, pandemiya dövründə oxuyan uşaqların nitq və ünsiyyət qabiliyyətləri əvvəlki illərdəki uşaqlardan xeyli aşağıdır”.
Pandemiyada ailə institutları da ciddi zərər gördü.
Gülnar Orucova deyir ki, əvvəllər ailə üzvləri bir-birləri ilə daha az ünsiyyətdə olurdular:
“Amma təcridolunma dövründə bütün ailə üzvləri uzun müddət bir yerdə qalmaq məcburiyyətində idilər. Bu məcburiyyətsə ailədəki zəif halqaları qırdı. Həm maddi sıxıntı, həm də bəzi məcburiyyətlər ailədaxili münaqişələrin çoxalmasına səbəb oldu. Həm ailədəki uşaqlar, həm də ki, ailə başçıları ən xırda məsələyə görə mübahisələr etməyə və dözümsüzlük göstərməyə başladılar. Beləcə pandemiya ailə institutuna çox ciddi ziyan vurmuş oldu.
Postpandemiya dövründə zədələnən münasibətlər daha dözülməz hala gəldi. Nəticədə son illər boşanmaların sayı artdı”.
Telefon asılılığı
Psixoloq hesab edir ki, pandemiyanın gətirdiyi zərərli vərdişlərdən biri də telefondan asılılıq oldu:
“Evdə bekar və sıxıcı gün keçirən hər kəs meylini telefona saldı. Postpandemiya dövründə isə bu asılılıq daha da dərinləşdi. İndi küçədə, evdə, restoranda kimə baxırsan telefona başı qarışıb. Çoxluq ən yaxşı ünsiyyət vasitəsi kimi telefonu görür. Fikir verirsinizsə, artıq insanlar sosiallaşmadan, qonaq getməkdən qaçır. Ən yaxşı halda telefonla “salam-sağ ol” edirlər. Bu da böyük bəladır”.
Surxay Atakişiyev, Bizim.Media