Keçmiş dövrlərdən bu yana əhəmiyyətini heç vaxt itirməyən bir vərdiş – təsbeh çevirmək həmişə diqqət mərkəzində olub. Daha çox kişilərin əl vərdişi olan təsbeh çevirməyin faydalarını bilsələr, elə qadınların da vazkeçilməzi olar. İlk baxışda dini məna daşıyan bu hərəkət, əslində insan psixikasına və orqanizminə bir sıra müsbət təsirlər göstərirmiş.
Dini inanclara görə, təsbeh çevirmə prosesi adətən dua, zikrlə müşayiət olunur. Psixoloqlar isə deyirlər ki, insan duanı vacib bildiyi üçün edir, amma qeyri-ixtiyari olaraq düşünmə prrosesi gedir, yəni beynin istehsal gücü artır. Bu, beynin teta dalğalarını (meditasiya zamanı aktiv olan beyin siqnalları) artırır.
Təkrarlanan hərəkətlər zehni sakitləşdirir, stress hormonlarını azaldır və rahatlanmanı sürətləndirir. Xüsusilə panik atak, stress hallarında bu sadə hərəkət insanı real həyata qaytarmağa yardımçı ola bilər. Xüsusən uşaqlar üçün fokuslanma məşqidir.
Təsbeh xüsusən uşaqlara və yaşlılara lazımdır
Həkimlər də təsbehin tərəfindədirlər. Deyirlər ki, əl və barmaq əzələlərinin hərəkətdə olması qan dövranını yaxşılaşdırır və əzələləri aktiv saxlayır. Yaşlı insanlarda bu, əllərin keyləşməsinin və oynaq ağrılarının qarşısını ala bilər. Təsbeh çevirmə zamanı yaranan barmaqların ahəngdar hərəkətləri ürək ritmini sabitləşdirir və qan təzyiqini müəyyən qədər tənzimləyir. Həmçinin zikr əsnasında insanın tənəffüsü yavaşlayır, bu da sinir sisteminə sakitləşdirici siqnallar ötürür.
Maraqlıdır ki, təsbeh təkcə İslam dinində deyil, digər dinlərdə də geniş yayılıb. Buddistlərdə təsbeh “mala” və ya “prenba”, xristian pravoslavlarda “lestovka”, “vervitsa”, katoliklərdə isə “rozari” adlanır.
Əslində təsbehin adı “subha”dır (“sübhanallah” sözünün qısaldılmış forması) Təsbeh – yalnız fars və türk dillərində deyilir. Əfqanlar ona “tisba”, tatarlar “disbel” deyirlər. Ancaq fikir verin, hamısında “s-b” hərfləri var. Yəni "Sübhanallah”.
Bəzi ilahiyyatçılar təsbehin bəzək əşyası kimi istifadə olunmasını qəbul etmirlər, amma digər dinlərdə bu məqbuldur.
Elə günümüzdə də təsbehdən həm boyun, bilək üçün istifadə olunur. Maşın aksessuarı kimi də çox yayılıb. Bəziləri müxtəlif müsbət yüklü təbii daşlardan, müqəddəs yerlərin gil-torpağından hazırlanmış təsbehləri talisman kimi istifadə edirlər. Bəzi insanlar isə üstünə dua oxunmuş təsbehlərə üstünlük verirlər. Bir sözlə, təsbeh həm imanın, həm də fərdiliyin rəmzidir.
Şəfiqə Şəfa, Bizim.Media.