Azərbaycanda baş verən ailədaxili münaqişələrin bəzisi cinayət hadisələrinə gətirib çıxarır. Ailədə zorakılıq halları, qətl hadisəsi baş verməsə belə psixoloji şiddət, gərginlik davam edir ki, bu da ailə üzvlərinin, uşaqların psixologiyasına ciddi təsir edir.
Hesab olunur ki, ailədaxili münaqişələr və məişət zorakılığı ilə mübarizədə ailə psixoloqları ən uyğun varinatdır. Cəmiyyətimiz üçün isə psixoloq fəaliyyəti, xüsusilə, ailə psixoloqu anlayışı yenidir. Ölkədə ailə psixoloqu institutunun yaradılması müzakirə olunsa da, bu sahədə ciddi irəliləyiş yoxdur.
Mövzu barədə Bizim.Media-ya danışan psixoloq Gülnar Orucova deyib ki, ailə psixoloqu institutunun yaradılması həm dövlət, həm də cəmiyyət üçün vacibdir:
“Bu gün bunun yaradılması üçün xüsusilə savadlı kadrlar hazırlanmalıdır. Bu gün bu sahəyə nəzarət olunması vacibdir ki, özünə “yaşam koç”u, psixoloq deyənlər 3 aylıq kursla ofis götürərək, qaranlıqda iki şam yandıraraq insanları ora cəlb eləməsinlər. Bir senasın qiyməti də ən azı 120 manatdır. Onların tətbiq etdiyi terapiyaların elmi sübutu yoxdur. Elmi sübutu olmayan bir şeyə pul verilirsə, bu cəmiyyətin cahilliyindən xəbər verir. Heç bir təhsili olmayan insanlar özlərinə “yaşam koçu”, psixoloq adı verirlər və dövlət də buna nəzarət eləmir”.
Psixoloq hesab edir ki, əvvəl bu sahəyə nəzarət edilməlidir, sonra isə ailə psixoloqu institutu yaradılmalıdır:
“Azərbaycanda ailə quranda psixoloq yoxlanması aparılmır, amma boşananda cütlüyü barışdırmaq üçün psixoloq verir. Bu, qanunla tənzimlənməlidir ki, evlənəndə cütlüklər psixoloq yoxlanışından keçsinlər. Xarakterlərinin uyğunluğu, gələcəkdə rastlaşacaqları problemləri öncədən araşdırmaq və çıxış yolunu öyrənə bilsinlər. Bu gün bu institutun yaradılması üçün iş adamlarının dəstəyi mütləqdir.
Bu gün cəmiyyətdə xalqın psixoloqlara münasibəti pisdir. Bunu da psixoloqlar özləri yaradıblar, efirlərdə işlətdikləri ifadələrlə özlərini pis təqdim ediblər. Efirə insan çağırılanda onun diplomu, fəaiyyyəti yoxlanmalıdır. Bu gün bu sahəyə nəzarət olmadığı üçün ailə psixoloqu institutunun qurulması qeyri-mümkündür. Əvvəl bu sahəyə nəzarət olunmalı, kadrlar hazırlanmalı, sərmayə yatırılmalıdır, sonra ailə psixiloqu institutu qurulmalıdır”.
Günay Şahmar, Bizim.Media