İyul ayında havaların sərin keçməsi sağlamlıq məsələlərini gündəmə gətirib. Yay fəslində günəş və dəniz vasitəsilə bədəni D vitamini ilə təmin etmək mümkün olsa da, hazırkı hava durumu bu prosesi məhdudlaşdırır. Bildirilir ki, sözügedən durumun insanlara həm psixoloji, həm də fiziki təsirləri mümkündür.
Bizim.Media xəbər verir ki, tibb elmləri doktoru, professor Adil Qeybulla Globalinfo.az-a açıqlamasında qlobal istiləşmə dövründə yaşadığımıza baxmayaraq, D vitamininin defisitinin olduğunu bildirib.
“Təəsüf ki, bu, bütün dünyada müşahidə olunur. Temperaturun artma tendensiyasına baxmayaraq, problem hələ də davam edir. Bu, tək istiləşmə ilə bağlı deyil, digər ekoloji amillərin də təsiri ola bilər. Günəş işığı altında olmaq və şüalarından istifadə etmək əlbəttə vacibdir.
Bununla belə, D vitamini orqanizmdə də istehsal olunur. Bütün bunların fonunda, defisit ciddidir. Əsas səbəblər müasir ekoloji problemlər, qlobal istiləşmə və bəlkə də qidalanma vərdişlərimizlə bağlıdır”, - o deyib.
Mütəxəssis vurğulayıb ki, D vitamini miqdarını nəzarətdə saxlamaq önəmlidir:
“D vitamininin defisiti immun sisteminin zəifləməsinə və yorğunluq kimi halların artmasına səbəb ola bilər. Buna görə də belə havalarda əlavə D vitamini vasitələrindən istifadə etmək və balanslı qidalanmaya diqqət yetirmək önəmlidir”.
Bizim.Media