Son vaxtlar ali məktəblərə qəbul prosesində bəzi ixtisaslar üzrə qabiliyyət imtahanlarının ləğv ediləcəyi ilə bağlı müzakirələr aparılır. Xüsusilə jurnalistika sahəsində bu məsələ aktuallaşıb. Bəziləri hesab edir ki, bu sahəyə qəbul zamanı qabiliyyət yoxlaması mütləqdir, digərləri isə bu imtahanın artıq dövrün tələblərinə cavab vermədiyini bildirir.
Bəs jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı niyə vacib sayılır? Bu imtahandan uğurla keçməyən abituriyentlər üçün alternativ yol və ya ikinci şans varmı?
MÖVZU İLƏ BAĞLI:
Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri AÇIQLANDI
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən təhsil eksperti Elmin Nuri bildirib ki, müasir dövrdə jurnalistika ixtisasında qabiliyyət imtahanının keçirilməsi artıq o qədər də əhəmiyyət kəsb etmir:
“Çağdaş dünyada informasiya və media sahəsinə yanaşma dəyişib. Artıq jurnalistika sahəsində yaradıcılıq, innovativlik və sözlə işləmək bacarığı ikinci plandadır, bəzən isə ümumiyyətlə nəzərə alınmır. 21-ci əsr süni intellekt və texnologiyalar dövründə jurnalistikanın əsas prinsipləri operativlik və analitik təhlilə əsaslanmalıdır. Bu baxımdan inşa yazmaq və ya yazılı təqdimat kimi qabiliyyət imtahanlarının keçirilməsi indiki dövrün tələblərinə uyğun gəlmir", - deyə o, bildirib.
Ekspertin sözlərinə görə, jurnalistikaya daxil olmaq istəyən gənclər üçün əsas meyar - analitik düşüncə, informasiya ilə işləmək bacarığı və çeviklik olmalıdır.
Bu səbəbdən, qabiliyyət imtahanlarının ləğvi real və doğru addım kimi qiymətləndirilə bilər.
Aygün Hüseyn, Bizim.Media