Yay fəsli olduğu üçün ictimai nəqliyyatda kondisionerin, havalandırmanın olması sərnişinlər üçün önəmlidir. Ancaq köhnə tipli avtobuslarda bu imkanlar yoxdur. Üstəlik, bəzi ərazilərdə fəaliyyət göstərən köhnə avtobusların vaxtaşırı sıradan çıxması, qapı-pəncərəsinin qırıq-sökük, salonunun natəmiz olması müasir dövrün tələblərinə zidd haldır. Aidiyyəti qurum tərəfindən zaman-zaman xəttdə köhnə marşrutların qalmayacağını, istismar müddətini bitirmiş avtobusların yeniləri ilə əvəzlənəcəyini bildirilsə də, nəticə dəyişmir.
107 nömrəli Koroğlu-Buzovna, 131 nömrəli Koroğlu-Maştağa, 123 nömrəli Bakı-Sumqayıt, 161 nömrəli Hövsan-Suraxanı, 103 nömrəli Hövsan-Neftçilər marşrutları da həmin avtobuslara daxildir. Hərəkət qrafiki xeyli uzun olan bu avtobusların vəziyyəti qənaətbəxş deyil, rahat şəraiti olmayan avtobuslarda hərəkət edən sərnişinlər xüsusilə isti havada əziyyət çəkirlər.
Bəs bu avtobusların, ümumiyyətlə istifadədə olan digər köhnə marşrutların da yenilənməsi planlaşdırılır?
Bizim.Media mövzuyla bağlı AYNA-ya sorğu ünvanlayıb. Agentlikdən verilən cavabda bildirilib ki, Bakı şəhərinin inzibati ərazisində nöqsanlar aşkar edilən bütün müntəzəm marşrutlarda avtobusların yenilənməsi, eyni zamanda müsabiqəyə çıxarılaraq balansında tələblərə cavab verən nəqliyyat vasitələri olan daşıyıcıya həvalə edilməsi istiqamətində müvafiq işlər həyata keçirilir:
“Görülən işlər çərçivəsində sözügedən müntəzəm marşrutların da müsabiqəyə çıxarılaraq avtobusların yeniləri ilə əvəz edilməsi nəzərdə tutulub”, - deyə qeyd olunub.
AYNA-dan bildirilib ki, agentlik tərəfindən daşıyıcılara istismarlarında olan xətlər üzrə avtobusların yenilənməsi barədə tapşırıqlar verilir və mütəmadi nəzarət tədbirləri həyata keçirilir.
“Dövlətin təşəbbüsünü dəstəkləyən özəl daşıyıcı şirkətlər də ekoloji cəhətdən təmiz texnologiyalardan istifadə edən müasir nəqliyyat vasitələrini alır. İlin əvvəlindən 2025-ci ildə alınması planlaşdırılan 100 yeni avtobusdan 44-ü artıq gətirilərək paytaxt marşrutlarında istismara verilib. Hazırda paytaxtda müntəzəm marşrut xətlərində rekord sayda – 2200-dən çox avtobus istifadə olunur”.
Nəzrin Mirzəyeva, Bizim.Media