Uzun müddətdir ki, özəl pensiya fondlarının yaradılması barədə söhbətlər gedir. Hətta “Qeyri-dövlət pensiya fondları haqqında” Qanun layihəsi hazırlanıb və razılaşdırılması üçün aidiyəti qurumlara təqdim olunub.
Müvafiq qurumlarla müzakirələrin nəticəsində özəl pensiya fondlarının fəaliyyətinin hüquqi, iqtisadi və maliyyə əsaslarının formalaşdırılması, həmin fondların fəaliyyətinə nəzarət mexanizmlərinin müəyyənləşdirilməsi məqsədilə layihənin təkmilləşdirilməsi üçün aidiyyəti qurumların nümayəndələri ilə birlikdə iş aparılır.
Qeyd edək ki, pensiya təminatının özəl fondlar vasitəsilə həyata keçirilməsi dünyada geniş yayılıb. Hazırda bir sıra ölkələrində, o cümlədən, Almaniya, Böyük Britaniya, İrlandiya və Türkiyədə belə fondlar fəaliyyət göstərir. Özəl pensiya fondlarının fəaliyyəti ölkələrdən asılı olaraq fərqli qaydalarla tənzimlənir. Pensiya təminatı sistemində şaxələndirmə vətəndaşlar üçün seçim imkanı yaradır.
Bəs, proses niyə ləng gedir?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, özəl pensiya fondlarının indiki reallıqlar fonunda yaradılması çətindir:
“İnkişaf etmiş ölkələrdəki özəl pensiya fondlarının Azərbaycanda yaradılması hələki mümkünsüzdür. Bunun bir sıra səbəbləri var. Ən başlıcası özəl pensiya fondlarının yaradılması üçün pensiya sistemi dəyişməlidir. Hökumət iqtisadiyyatın indiki vəziyyətinə uyğun pensiya sistemi yaratmalıdır.
Bu isə heç də asan deyil. Çünki özəl pensiya fondlarının işlək mexanizmini hazırlamaq üçün hələ çox iş görülməlidir. Buna həm zaman, həm də təşəbbüskarlıq lazımdır. Son zamanlar müəyyən təşəbbüslər var. Hökumət bu çətin işin öhdəsindən gəlməyə çalışır. Amma yaxın zamanda özəl pensiya fondlarının yaranma ehtimalı çox azdır”.
Surxay Atakişiyev, Bizim.Media