Salyan rayonunun Qızılağac inzibati ərazi dairəsinə daxil olan kəndlərdə bu il qarpız əkinçilər üçün zərər mənbəyinə çevrilib. Havaların dəyişkən keçməsi və bazar qiymətlərinin kəskin enməsi səbəbindən fermerlərin məhsulu tarlada çürüyür. Topdansatış qiyməti 7 qəpiyə qədər düşüb, lakin bu qiymətə belə alıcı tapmaq mümkün deyil.
Əkinçi Elçin Həsənov Bizim.Media-ya deyir ki, 5 hektarlıq sahədən əldə etməyi planlaşdırdığı gəlir gözündə qalıb:
"Əvvəl 20–22 qəpikdən satırdıq, indi isə 7 qəpiyə belə alan yoxdur. Qarpız sahədə qalır, çürüyür, zərər böyükdür. Hər il bu vaxt bostan dolub-daşırdı, bu il alıcı da, ümid də yoxdur".
Oxşar vəziyyətlə qarşılaşan fermer Zakir Məmmədli isə məhsulu sadəcə xərcləri bir qədər yüngülləşdirmək üçün dəyər-dəyməzinə satmağa məcbur olduqlarını bildirir:
"Maşına yükləyib bazara aparmağa belə dəymir. 8-10 qəpik arasında təklif edirik, yenə alan yoxdur. Bir çoxumuz məhsulu tarlada qoyuruq, bəzən pulsuz paylayan da olur".
Əkin sahəsində çalışan Cavid Ələkbərov da vəziyyətdən gileylənib:
"Yazdan bəri əziyyət çəkirik, amma indi məhsulu yerindən tərpətmək mümkün deyil. Banka borcumuz var, məhsul isə satışsız qalır".
Satış çətinliyi təkcə kənddə deyil, rayon və paytaxt bazarlarında da hiss olunur. Qarpız satışı ilə məşğul olan Kamal Rəhimov deyir ki, bu il alıcılar az, məhsul isə çoxdur:
"Qarpızı 7 qəpikdən almışam, 15 qəpiyə sata bilmirəm. Alver dayanıb. Hər kəs gözləyir ki, qiymət daha da düşsün".
Qarpız böhranının daha bir səbəbi isə hava şəraitidir. Yayın əvvəllərində havaların kifayət qədər isti keçməməsi bu mövsümi məhsula olan tələbatı kəskin azaldıb. Çimərlik mövsümünün ləng başlaması və istirahət zonalarının boş qalması kənd məhsullarına olan marağı da aşağı salıb.
Rasim Məhərrəmov deyir ki, havalar çox qeyri-sabit keçir.
"Qarpıza tələb yayda olur, hava isti olmayanda, plyaj yoxdursa, qarpız yeyən də olmur. Bizim də məhsul sahədə çürüyür. Tağlar altında yetişmiş qarpızları saxlamaq olmur, tağ onu saxlamır, partlayır, məhv olur".
Hazırda Salyanda qarpız məhsulu tarlalarda qalaqlanır. Fermerlər isə kredit borcları və gündəlik xərclər qarşısında çıxış yolu tapa bilmirlər. Əgər vəziyyət dəyişməzsə, gələn il bu bölgədə qarpız sahələrinin azaldılması qaçılmaz görünür.
Sabutay, Bizim.Media, Cənub bürosu