Rusiya Avtomobil Dilerləri Assosiasiyası yaşı 15 ildən çox köhnə avtomobillər üçün nəqliyyat vergisini artıra biləcək qanun layihəsi hazırlayır. Assosiasiyanın prezidenti Aleksey Podşekoldin qeyd edib ki, bu, sürücülərin avtomobillərini daha tez-tez təkmilləşdirməsi üçün stimuldur.
Assosiasiya rəhbərinin sözlərinə görə, hazırda Rusiya avtomobil parkının 70%-nin yaşı 15,5 dən yuxarıdır.
Amma ekspertlər Podşekoldinlə razılaşmırlar. Onlar bildirirlər ki, rusların yeni avtomobillər almağa imkanları yoxdur və belə bir təşəbbüs onları nəqliyyatsız qoya bilər. Üstəlik, köhnə avtomobil üçün utilizasiya üzrə dövlət proqramı mövcud olmalıdır. Podşekoldinin təklif etdiyi kimi dövlətin şəxsə köhnə avtomobil üçün 300-400 min rubl təklif etməsi də ekspertlərə görə ağlabatan görünmür. Belə ki vətəndaşlar bu pula yeni maşın ala bilməyəcəklər. Assosiasiyanın keçmiş rəhbəri Oleq Moseyev hesab edir ki, hazırda nəqliyyat vergisinin artırılmasının mənası yoxdur.
Azərbaycanda isə artıq Utilizasiya Fondu yaradılıb. 2024-cü ilin fevralından həmin fonda ödənişlər daxil olmaqdadır. Fondun vəsaiti hesabına köhnə avtomobillərin alınması və vətəndaşa ödənişin edilməsi nəzərdə tutulur. Yəni məqsəd odur ki, köhnə avtomobillər könüllü şəkildə vətəndaşlardan alınsın. Əvəzində isə vətəndaşa daha yeni avtomobil alınması üçün maliyyə dəstəyi göstərilsin və köhnə avtomobillərin ətraf mühitə vurduğu zərər tədricən azaldılsın.
Nəqliyyat üzrə ekspert Seymur Fətəliyev Bizim.Media-ya bildirib ki, heç Azərbaycanda da vətəndaşlara verilən məbləğlə gedib yeni maşın almaq mümkün deyil:
“Utilizasiya qarşılığında verilən məbləğ 1500 manat təşkil edir ki, bununla hər hansı təzə modelin heç ilkin ödənişini etmək olmur. Yenə də ümid ikinci əl maşınlarına qalır. Məbləğ artırılarsa, vətəndaş da könüllü olaraq maşınını utilizasiyaya verər. Kim istəməz ki təzə maşın sürsün?!”
Maşın “qocaldıqca” dərdləri də artır
Ekspert diqqətə çatdırıb ki, bundan başqa vətəndaşa yerli avtomobillərdən almaq üçün sadələşdirilmiş kredit şərtləri təklif olunur.
“Amma çox adam yerli maşınlara etibar etmir, həm də insanların sərbəst seçim hüququ var, başqa modellərlə maraqlanır. Ona görə də yaxşı olardı ki, yalnız yerli avtomobil deyil, xarici avtomobillərin alınmasına da kredit verilsin. Elə olarsa, ölkənin yollarında metallomluq, təhlükəli maşınları da görmərik. Çünki utilizasiyanın hədəfi ekoloji tarazlığın bərpasıdır. Eləcə də, istismar müddəti başa çatmış avtomobillərin avtoqəzadakı payını əsaslı şəkildə azaltmaqdır”, - deyə ekspert vurğulayıb.
Qeyd edək ki, yaşı çox olan avtomobillərin ölkə daxilində istifadəsi hələlik qadağan deyil, lakin onların saxlanması baha başa gəlir: getdikcə daha çox maliyyə və texniki çətinliklərlə üz-üzə qalır. Mühərrik, sükan, əyləc və digər əsas hissələrin vaxtaşırı dəyişməsi tələb olunur. Gələcəkdə tətbiq edilə biləcək ekoloji və texniki məhdudiyyətlər də qaçılmazdır.
Şəfiqə Şəfa, Bizim.Media