Azərbaycanda regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən dövlət siyasətinin əsas hədəflərindən biri də kənd yaşayış məntəqələrinin su təchizatının yaxşılaşdırılması, əhalinin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunmasıdır. Qusar rayonunda bu sahədə dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində 3 mühüm layihə həyata keçirilir.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, belə təşəbbüslərdən biri də “Manner Azərbaycan” MMC tərəfindən icra olunan Suduroba kəndinin içməli su təminatı layihəsidir. Hüquqi qeydiyyatı Xaçmaz rayonunda aparılmış “Manner Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti 2018-ci ilin noyabr ayından fəaliyyət göstərir. Müəssisə fındıqçılıq sahəsində ixtisaslaşmış və bu sahədə müasir aqrar texnologiyalar əsasında iri miqyaslı layihələrin icrasına başlamışdır. Şirkətin bağ sahələrinin bir hissəsi də Qusar rayonu ərazisində yerləşir.
Şirkət tərəfindən 2021-ci ildə Qusar rayonunun Yuxarı Zeyxur kəndi ərazisində yerli və xarici sortlardan ibarət fındıq bağının salınmasına başlanılmış, 2024-cü ildə layihə uğurla yekunlaşdırılmışdır. Bağ sahələrinin effektiv suvarılması məqsədilə ərazidə müasir standartlara uyğun su hovuzu inşa edilmiş, suvarma sistemləri quraşdırılıb.
Bununla yanaşı, “Manner Azərbaycan” MMC-nin həyata keçirdiyi ən mühüm layihələrdən biri də Suduroba kəndinin içməli su ilə təmin olunması məqsədilə icra edilən “Su Təchizatı Layihəsi”dir. Layihə çərçivəsində suyun təmizlənməsini təmin edən avadanlıqlardan ibarət müasir şəbəkə qurulacaq. Layihənin əsas məqsədi kənddə yerləşən 101 evin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edilməsidir.
22 oktyabr 2024-cü il tarixində imzalanmış müqaviləyə əsasən, layihənin 12 ay ərzində tam icrası nəzərdə tutulmuşdur. Artıq bu çərçivədə 2300 metr uzunluğunda ana su xətti çəkilmişdir. Növbəti mərhələdə içməli su xəttlərinin birbaşa fərdi evlərə çəkilişi və sayğacların quraşdırılması planlaşdırılır. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Uzun illərdir ki, Qusar rayonunun Avaran kəndində içməli su çatışmazlığı ciddi sosial problem kimi qalmaqda idi. Sakinlər içməli və məişət ehtiyaclarını Cağar–Cibir kanalından açıq arx vasitəsilə kəndə gətirilən, kiçik hovuzlarda toplanan sularla təmin edirdilər ki, bu da həm sanitar-gigiyenik baxımdan riskli, həm də qeyri-dayanıqlı idi.
Bu problemin aradan qaldırılması məqsədilə BP şirkətinin maliyyə dəstəyi ilə Avaran kəndinin içməli su təchizatının yaxşılaşdırılmasına yönəlmiş layihəyə start verilmişdir. Nəzərdə tutulan 133 evə su xətləri çəkilmiş və sayğaclar quraşdırılmışdır. Kəndin ikinci Avaran adlanan hissəsində olan 255 evin də içməli su ilə təmin edilməsi üçün tədbirlər davam etdirilir. Ərazidə 10000 m³ həcmində su anbarı yaradılmış, yaxınlığında nasosxana və filterləmə stansiyası tikilmiş, həmçinin dəmir çənlər və filtrasiya sistemləri quraşdırılıb.
Əlavə olaraq, təhlükəsizliyin təmin olunması məqsədilə ərazi 3 mərhələli mühafizə sistemi ilə təchiz edilmiş, elektrik təchizatı üçün elektrik xətləri çəkilərək transformator quraşdırılmışdır. Layihənin icrası nəticəsində kənd sakinləri sanitar normalara cavab verən təmiz su ilə fasiləsiz təmin olunacaq. Artıq yaxın vaxtlarda içməli suyun istifadəyə verilməsi gözlənilir.
Qusar Suvarma İdarəsi tərəfindən həyata keçirilən layihə çərçivəsində Cağarqışlaq kəndində də suvarma və içməli su ilə təminatın yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görülmüşdür. Samur-Abşeron su kanalından suyun götürülməsi üçün yeni su nasosu quraşdırılmış, diametri 600 mm olan 2000 m, diametri 250 mm olan 1800 m uzunluğunda qapalı şəbəkə qurulmuşdur.
Layihə çərçivəsində ümumilikdə 800 nəfərə yaxın əhalinin yaşadığı 130 evin su ilə təmin olunması nəzərdə tutulur ki, bu da kənd sakinlərinin həm məişət, həm də təsərrüfat ehtiyaclarının ödənilməsində mühüm rol oynayacaqdır. Eyni zamanda “Agrarco” şirkətinin də suvarma suyu ilə təmin edilməsi üçün şirkətin dəstəyi ilə diametri 400 mm olan 360 metr uzunluğunda yeraltı boru xətti çəkilmişdir. Növbəti mərhələdə Minəxür kəndinin və Soyuzagrokontrakt MMC-nin bağ və əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi üçün əsas boru xəttindən əlavə xətlərin çəkilməsi nəzərdə tutulur.
Bununla yanaşı, Çiləgir kəndinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə mövcud su xəttinin istifadəyə yararsız vəziyyətə düşmüş 250 metrəlik hissəsi yeni borularla əvəz edilir.
Qusarçay çayında suyun səviyyəsinin artıb-azalması dövrlərində müşahidə olunan bulanıqlıq və suyun fasilələrlə gəlməsi problemlərinin aradan qaldırılması məqsədilə Qusar Suvarma Sistemləri İdarəsi tərəfindən mütəmadi olaraq çayda tənzimlənmə işləri aparılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu