Yeni tikilidə mənzil almısınız. Böyük həvəslə, sevinclə döşəyib yerləşirsiniz... Amma elə ilk günlərdən qonşudan gələn nəinki hay-küy, telefon zəngləri, o telefonun vibrasiyada olarkən vızıltısı, hətta qonşu dayının xorultusuna qədər hər şeyi eşidirsiniz. Elə bil böyük bir binada ayrı-ayrı mənzillərdə yox, hamı bir damın altında qonşu otaqlarda yaşayır.
“Divarın da qulağı var”
Bununla bağlı atalarımız çoxdan bizi xəbərdar etmişdi, amma uzaqgörən atalarımızın görmə spektri bu qədər də irəli getməmişdi. Gələcəkdə divarların qulaqlarının birbaşa lokator kimi hər səsi havadaca “qapıb” qonşuya ötürəcəyi ağıllarına da gəlməzdi. Belə getsə, camaatda sirr qalmayacaq.
Çoxmərtəbəli binalarda səs izolyasiyası problemi artıq sakinlərin əsas şikayətlərindən birinə çevrilib. Bu problem son illərdə Bakıda və bölgələrdə sürətlə artan yeni tikililərlə bağlı ən çox şikayət olunan məsələlərdəndir.
Ümumiyyətlə, “izolyasiya” dedikdə, həm səs, həm də istilik-soyuq izolyasiyası nəzərdə tutulur. Amma biz vurğunu səs keçirmə probleminin üzərinə qoyaq. Yeri gələndə adam istiyə-soyuğa dözər, amma qonşuların hər növ səsli macəralarına çətin...
Problem nədən qaynaqlanır?
İlk növbədə sürətli və nəzarətsiz tikintidən...
Tikinti şirkətləri mənzilləri tez satmaq üçün standartlara əməl etmədən bina tikirlər. Texniki nəzarət ya çox zəifdir, ya da formaldır.
Daha sonra keyfiyyətsiz tikinti materialları: betonun tərkibi zəif olur, izolyasiya qatları ya ümumiyyətlə yoxdur, ya da ki çox nazik qoyulub. Arakəsmə divarları çox zaman boşluqlu bloklarla və ya alçıpanla tikilir.
Həmçinin, xarici divarlar, tavan və döşəmələrdə səs udan materiallardan istifadə edilmir. Mənzillər arasında səs keçirməni azaldacaq konstruksiyalar nəzərə alınmır. Ona görə də səsin rezonans effekti daha güclü olur. Yuxarı mərtəbədə iki-üç uşaq ora-bura qaçır, aşağı mərtəbədəki qonşu elə bilir ki, başının üstündən Çingizxanın süvari ordusu keçir. Bu isə əlbəttə narahatlıq, yuxu pozuqluğu, eyni zamanda qonşular arasında narazılıq yaradır.
İnsanlar od qiymətinə aldıqları mənzildə özünü rahat hiss edə bilmirlər.
Mövzuyla əlaqədar daşınmaz əmlak eksperti Elnur Əsədovdan məsələyə açıqlıq gətirməsini istədik. Ekspert Bizim.Media-ya bildirdi ki, tikinti normativinə uyğun olaraq mənzillərin çöl və qonşuyla olan divarları 29 sm-lik kərpiclə, mənzildaxili iç divarları isə 10 sm-lik kərpiclə hörülür: “amma bəzi hallarda tikinti şirkətləri kərpicləri ya aralı qoyurlar, ya da ki ölçüyə uyğun olmayan kərpiclərdən istifadə edirlər. Nəticədə səs izolyasiyası pozulur”.
Ekspert bildirir ki, belə olduqda iş alıcının üzərinə düşür. Mənzil alarkən diqqətli olmalı, bina divarlarını və arakəsmələri yoxlamalıdır. İçəridən əlavə izolyasiya etdirmələri məsləhət görülür: səs udan materiallar (akustik panellər, daş yunu), quraşdırmaq lazımdır.
“Yox əgər bundan sonra da, qonşudan səslər kəsilmirsə, bu artıq əmlak yox, mülki məcəllə ilə tənzimlənir”, - deyə ekspert vurğulayıb.
Şəfiqə Şəfa, Bizim Media