Ölkədə kartof istehsalı ilbəil azalır. Təkcə Tovuz rayonunda keçən illə müqayisədə 1000 hektar az kartof əkilib. Fermerlərin sözlərinə görə, məhsulun toxumlarını xaricdən baha qiymətə aldıqları üçün məhsulun hazırkı satış qiyməti onları qane eləmir. Sahədən kartofun kiloqramının satış qiyməti 40-45 qəpik olduğu halda, bazarlarda 2, 3 dəfə baha qiymətə satılır.
Hazırda bazarda kartofun qiymətləri 70 qəpikdən 2 manata arasında dəyişir.
Bahalaşma nəvaxtadək davam edəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyir ki, ölkəmizin əsasən şimal və cənub bölgəsində kartof becərilir:
“Cənub zonasında kartofçuluq əsasən Cəlilabad rayonunda inkişaf edib. 2023-cü ildə bu rayonda 60 min hektarda kartof əkilmişdisə, 2024-cü ildə bu rəqəm 2 dəfə azalaraq cəmi 30 min hektar oldu. Bu il isə 25 min hektara yaxın ərazidə kartof əkilib. Göründüyü kimi, təkcə bir rayonda əkin sahələri 2 dəfədən çox azalıb. Gədəbəy, Şəmkir, Qusar kimi rayonlarda da kartof əkinin həcmi ilbəil azalır. Tədricən bu sahədə də idxaldan asılı vəziyyətə düşürük”.
“Ölkədə seleksiya işi yaddan çıxıb”.
Müsahibimiz deyir ki, ölkəmizdə yeni və məhsuldar kartof sortları yetişdirilmir:
“Ona görə də bu sahəyə maraq və məhsuldarlıq ilbəil azalır. Təəssüflə deməliyik ki, bu gün fermerlər kartof üçün toxumu xaricdən alırlar. Bunun da spesifik çətinlikləri var. Kartofun hazırkı qiymətlərindəki qeyri-sabitlik də göstərir ki, bu il lazımı qədər kartof əkilməyib. Ona görə də daxili tələbatı ödəmək üçün idxalın həcmi azalıb.
Bu da qəribə mənzərə yaradıb. Əgər əvvəllər bazardakı qiymətləri yerli istehsal tənzimləyirdisə, hazırda qiymətləri idxal müəyyən edir. Ona görə də bu ilin payızında qiymətlərin əvvəlki il səviyyəsinə düşəcəyi ehtimalı çox azdır. Bu da o deməkdir ki, yaxın 2-3 ayda kartofun qiyməti kəskin bahalaşacaq”.
Surxay Atakişiyev, Bizim.Media