Qızılca xəstəliyi yenidən tüğyan edir. Xəstəlik bir çox ölkələri ağuşuna alıb. Məsələn, ABŞ-də qızılcaya yoluxma halları son 33 ilin ən yüksək səviyyəsinə çatıb.
Bu barədə Cons Hopkins Universiteti məlumat yayıb. Məlumatda deyilir ki, ilin əvvəlindən bəri peyvəndlə qarşısı alına bilən xəstəliyə yoluxma sayı 1277 nəfərə çatıb. Mütəxəssislər qeyd ediblər ki, vaksinasiya göstəricilərinin aşağı olması epidemiyanın yayılmasına səbəb olur. Beləliklə, ABŞ-də qızılcaya yoluxma halları 1990-cı ildən bəri ən yüksək həddə çatıb.
Bildirilib ki, 38 ştatda və Vaşinqtonda yoluxma halları qeydə alınıb. İndiyədək epidemiya nəticəsində 3 nəfər ölüb, ən azı 155 nəfər xəstəxanaya yerləşdirilib.
Texas epidemiyanın ən sıx olduğu ştatdır. Ştatda 700-dən çox yoluxma halı qeydə alınıb.
Bəs ölkəmizdə qızılcaya yoluxmalarla bağlı vəziyyət necədir?
Bununla bağlı Səhiyyə Nazirliyinə sorğu ünvanladıq. Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Bizim.Media-ya bildirilib ki, ölkədə infeksion xəstəliklər üzrə epidemioloji vəziyyət daimi nəzarətdə saxlanılır:
“Görülən məqsədyönlü peyvənd tədbirləri nəticəsində son aylarda Azərbaycanda qızılca xəstəliyi qeydə alınmayıb.
Hazırda ölkədə qızılcaya qarşı həm planlı şəkildə, həm də vaxtında peyvənd olunmamış uşaqlar və böyüklər arasında müalicə-profilaktika müəssisələri tərəfindən vaksinasiya tədbirləri davam etdirilir”.
Surxay Atakişiyev, Bizim.Media