Məlum olduğu kimi, Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərləri üçün icazə prosedurları daha da sadələşdirilib. Belə ki, fərdi minik avtomobilləri ilə işğaldan azad edilmiş rayonlara səfərlər üçün “Yolumuz Qarabağa” (www.yolumuzqarabaga.az) portalından əldə edilən icazənin müddəti 2 gündən 5 günədək artırılıb.
Hotel rezervasiyası varsa, icazəyə ehtiyac qalmır
İşğaldan azad olunmuş ərazilərə səfər etmək istəyən vətəndaşlarımızın işinin rahatlaşdırılması və vaxta qənaət etmələri məqsədilə başqa yeniliklərə də imza atılıb. Belə ki, bu torpaqlara səfər etməyi planlaşdıran şəxslər Qarabağ və Şərqi Zəngəzurdakı hotellərdə yer rezervasiya etdikləri halda əlavə icazə prosedurlarından keçməyə ehtiyac qalmayacaq. Onlara giriş icazəsi avtomatik veriləcək və işğaldan azad olunmuş ərazilərə giriş hüququ əldə edəcəklər.
Hotel tərəfindən təqdim olunan bu xidmət əlavə alternativ və sadələşdirilmiş seçimdir, lakin rezervasiya etmək məcburi şərt deyil. Belə ki, hoteldə rezervasiya etməyən və ya fərdi planla səfər edən vətəndaşlar özləri birbaşa www.yolumuzqarabaga.az portalına daxil olaraq əvvəlki qaydada səfər üçün elektron icazə ala bilərlər.
Qarabağın turizm potensialı
Məlum olduğu kimi, işğaldan azad olunmuş ərazilər öz füsunkar gözəlliyi ilə fərqlənir. Qarabağ və Şərqi Zəngəzur dağ mənzərələri, meşələr, çaylar, bulaqlar və müxtəlif iqlim qurşaqları ilə ekoturizm və dağ turizmi üçün əlverişlidir. Üstəlik, təmiz havası və müalicəvi bulaqları bu torpaqların sağlamlıq turizmi üçün də potensialının böyük olduğunu göstərir.
İşğaldan azad olunmuş ərazilərin tarixi-mədəni turizm potensialı da kifayət qədərdir. Belə ki, Şuşa, Azərbaycanın mədəniyyət beşiyi kimi tanınır. Burada Xurşidbanu Natəvanın evi, Cıdır düzü, Yuxarı Gövhərağa məscidi kimi tarixi və mədəni abidələr yerləşir. Ağdam, Füzuli, Ağdərə və digər rayonlarda da zəngin tarixi irs mövcuddur. Bu torpaqlarda qədim alban məbədləri, məscidlər və digər dini-mədəni abidələr yerləşir ki, bunlar turistlər üçün maraqlı səhayət marşrutları yaradır.
“Görünməz düşmən”lər hələ də var...
Təəssüflər olsun ki, düşmənin 30 il müddətində torpaqlarımıza basdırdığı “görünməz düşmən”lər hələ də tam təmizlənməyib. Söhbət minalanmış ərazilərdən gedir. Minatəmizləmə işləri sürətlə davam etdirilsə də, partlamamış sursat və minalarla çirklənmiş ərazilərin arealının böyük olması və Ermənistan tərəfindən müvafiq xəritələrin verilməməsi səbəbindən problem hələ də davam edir.
2020-ci ilin 10 noyabrından bu günə kimi olan 5 ildən az müddət ərzində 400-ə yaxın Azərbaycan vətəndaşı mina qurbanı olub. Bu statistika təhlükənin nə qədər böyük olduğundan xəbər verir.
Ona görə də işğaldan azad olunmuş bölgələrə giriş üçün hələ də icazə tələb olunur. Üstəlik, sadələşdirilmiş icazə prosesi vətəndaşların təhlükəsizliyi nəzərə alınmaqla həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzura səfər edən şəxslər də ərazilərdə mina təhlükəsizliyi barədə maarifləndirici məlumatlarla tanış olmalıdırlar.
Səfər prosedurunun sadələşdirilməsi nə vəd edir?
İşğaldan azad olunmuş ərazilərə giriş üçün icazələrin sadələşdirilməsi sayəsində vətəndaşlar həmin bölgələrə daha uzunmüddətli və rahat səfərlər edə biləcəklər. Üstəlik, hotel rezervasiyası olanların əlavə icazə prosedurundan azad edilməsi vaxt və rahatlıq baxımından əvəzolunmaz imkandır.
Sözügedən qərarların qəbulunda əsas məqsəd isə uzun illər düşmən tapdağı altında qalan torpaqlarımızın turizm potensialını daha geniş şəkildə reallaşdırmaqdır. Turizm sektorunun inkişafı özü ilə paralel başqa sahələrin də tərəqqisinə imkan yaradır. Belə ki, turist axını yeni iş yerlərinin yaradılması, iaşə obyektlərinin açılması və sahibkarlığın inkişafına təkan verir. Bütün bu məqamların bir araya gəlməsi ümumilikdə Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafına xidmət edir.
Bizim.Media-nın iqtisadi təhlil qrupu