Son günlər iphone 16 telefonlarında yaranmış qara nöqtə problemi istifadəçiləri narahat edib.
Nəzərə alsaq ki, ölkəmizdə iphone istifadəçiləri və həvəskarları çoxdur, belə məlumatlar vətəndaşları sevimli brendləri ilə bağlı təşvişə salır. Haqqında danışılan qara nöqtə nədir? Belə ki, ekranın yuxarı hissəsində qara kiçik bir yuvarlaq ləkə yaranır. Qara ölüm nöqtəsi (Black Dot of Death) adı verilmiş bu texniki nasazlıq həll olunmasa getdikcə böyüyür və ekranı bürüyür, başqa sözlə öldürür.
Apple şirkətinin rəsmi tərəfdaşlarından olan İrşad Electronicsin marketinq mütəxəssisi Cəmil Qəribli Bizim.Media-ya bildirib ki, belə hallar iki versiyada olur. Ya ekranda, ya da kamerada:
“kamerada yaranan nöqtə güclü işıq şüasindan sonra baş verir. Ekranda yaranan isə zərbə nəticəsində olur. Yaxud da telefonun digər səbəblərlə zədələnməsindən baş verir”.
C. Qəribli diqqətə çatdırıb ki, “İrşad” satış üzrə rəsmi dilerdir. Amma belə bir hal yaranarsa, müştəri Apple Servis xidmətinə yönəldilir. Orada baxış keçirildikdən sonra verilən rəyə əsasən müştəri məlumatlandırılır. Böyük ehtimalla Apple Service o telefonları dəyişir. Əsasən də problem telefonun kamerasında olanda dəyişdirilir. Zərbə nəticəsində yaranmış problem isə araşdırılır. Əgər müştəri tərəfindən olunmuş bir zədədirsə, servis xidməti ödənişli həyata keçirilir.
Ekranın daxili problemidirsə, onda Apple Service özü dəyişiklik edir.
C.Qəribli deyir ki, indiyədək yerli müştərilərdə 2-3 belə hadisə qeydə alınıb.
İphone-ların son 15-16 seriyalarının ilk partiyalarının adətən problemli olduğu ilə bağlı iddialara gəlincə isə mütəxəssis vurğulayıb ki, son versiyalarda ciddi problemli məhsullar qeydə alınmayıb. Tam əksinə son modellərin kameralarının çəkilişi və enerji saxlamaları daha yaxşıdır.
Hər yeni iphone yeni versiyada çıxır və özünü təzələyir. Hər hansı bir problem olanda İOS-un yeni versiyası ilə problem aradan qalxır. Həmçinin yeni versiya çıxanda İOS əvvəlki versiyalarda hansı problemlərin olduğunu və aradan qaldırıldığını bildirir.
Şəfiqə Şəfa, Bizim Media