Azərbaycan Mərkəzi Bankı (AMB) və Qazaxıstanın Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyi (QMBTİ) islam qiymətli kağızlarının tənzimlənməsini müzakirə edib.
Məlumata görə, qurumda təcrübə mübadiləsi məqsədilə səfərdə olan QMBTİ-nin nümayəndə heyəti ilə görüşlər keçirilib. İşgüzar səfərin əsas məqsədi ikitərəfli texniki əməkdaşlıq çərçivəsində maliyyə sahəsində tənzimləyici qurumlar arasında peşəkar dialoqun genişləndirilməsi olub. Görüşlər zamanı AMB nümayəndələri qiymətli kağızların qeydiyyatı, İslam qiymətli kağızlarının tənzimlənməsi, həmçinin sekyuritizasiya prosesi və xüsusi maliyyə şirkətlərinin fəaliyyəti barədə məlumat təqdim edib.
İslam istiqrazı nə deməkdir?
Sualı cavablandıran maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov deyir ki, İslam istiqrazı - sələmə, faizə bağlı olmayan qiymətli kağızdır:
“Bildiyimiz kimi, ənənəvi istiqrazda istiqraz sahibi şərtlərə əsasən ildə 1-2 dəfə faiz alır. Amma islam istiqrazında faiz yoxdur. Siz istiqrazı almaqla onu dövriyyəyə buraxanın mənfəətində payçı olursunuz. Amma ənənəvi istiqrazda sizi maraqlandırmır ki, onu buraxan şirkət və dövlət müəssisəsi zərərlə, yoxsa mənfətlə işləyir. Siz vaxtı gələndə faizinizi tələb edirsiniz. Necə ki, banka qoyulan əmanətlərdə illik faiz tələb edirsiniz.
Amma İslam istiqrazında belə deyil. İstiqraz alan ancaq mənfəətdə payçıdır. İstiqrazı dövriyyəyə buraxan şirkətin mənfəəti böyük də ola bilər, zərərlə də işləyə bilər. Zərərlə işlədikdə istiqraz sahibi hər hansı bir qazanc əldə edə bilmir. İslam istiqrazı şəffaflıq tələb edir. Yəni istiqrazı buraxan şirkət iddia edə bilər ki, mənfəətim yoxdur və yaxud azdır. Bir sözlə mənfəəti gizlədəcək. Ona görə də İslam istiqrazı buraxan şirkət çox şəffaf işləməlidir ki, tərəfdaşları ona inansın”.
İslam istiqrazı nə zaman dövriyyəyə buraxıla bilər?
Müsahibimiz deyir ki, hazırda İslam istiqrazının ölkəmizdə dövriyyəyə buraxılmasında problemlər var:
“Birincisi İslam maliyyələşməsi haqqında qanunvericilik bazası yoxdur. Neçə ildir bu sahədə müzakirələr olsa da, ortada bir şey yoxdur. İkincisi, bizim maliyyə, vergi sistemimiz qeyri-şəffaflıq var. Bu da İslam maliyyəsi üçün problemdir. Ona görə də yaxın zamanda ölkəmizdə İslam istiqrazlarının dövriyyəyə buraxılmasını gözləmirəm”.
Surxay Atakişiyev, Bizim.Media