Xalq arasından bir insanın doğumundan başlayaraq ölümünə qədər müxtəlif inanclar var.
Bunlardan biri də "40 gün" məsələsidir. Məsələn, deyirlər ki, yenidoğulan körpəni 40 gün heç yerə aparmazlar. Buna səbəb olaraq isə gah "göz dəyər", "nəzər olar" , gah isə uşağın hələ immuniteti zəifdir, 40 gün gözləmək lazımdır.
Bəs görəsən tibb nə deyir? Həqiqətən də yenidoğulan körpə 40 gün heç yerə aparılmamalıdır?
Bizim.Media mövzuyla bağlı pediatr Vaqif Qarayevin fikirlərini öyrənib. Pediatr deyir ki, "40 gün" məsələsinin tibbə heç bir aiddiyəti yoxdur.
"Uşaq həyatının mərhələləri var. Doğulduqdan sonra 4 həftə ərzində olan dövrə neontal dövr deyilir. Bu mərhələ özünün spesifik xüsusiyyətləriylə seçilir. Körpələr o dövrdə xəstəliyə qarşı çox həssas olurlar, buna görə də ciddi qorunmalıdırlar. 40 gün məsələsi isə dinlə bağlıdır. Tibbdə neontal dövr var, amma "40 məsələsi" yoxdur.
Vaqif Qarayev deyir ki, əksinə, yenidoğulan körpəni evə gəldiyi gündən havaya çıxarmaq lazımdır.
"Körpənin böyüməsi üçün 3 əsas faktor var: Qida, yəni ana südü, təmiz hava, rahat yuxu. 40 gün məsələsinin elmə aiddiyyəti yoxdur".
Müsahibimiz vurğulayıb ki, körpəni 40 gün heç yerə aparmamaq əvəzinə, "uşaq gördü" kimi adətlərə əməl etməmək lazımdır.
"Əgər 40 gün uşağın immuniteti zəif olursa, bəs necə olur bizdə "uşaq gördü" deyə bir adət var. Bütün qohumlar uşağı görməyə gəlirlər. Qripin, soyuq dəymənin olduğu dövrdə xəstə insanlar uşaqla kontaktda olmamalıdır. Amma buna əməl edən var?".
Nəzrin Mirzəyeva, Bizim.Media