Yay fəslinin gəlişi ilə Bakı və ətraf bölgələrdə bağ evlərinə tələbat kəskin artıb. Şəhərin səs-küyündən uzaqlaşıb ailəvi istirahət etmək istəyənlər, xüsusilə Bilgəh, Mərdəkan, Şüvəlan kimi ərazilərdə ev axtarırlar. Lakin artan tələblə bərabər, qiymətlər də sürətlə yüksəlib. Bu vəziyyət həm alıcılarda, həm də bazarda ciddi narahatlıq doğurub.
Bağ evlərində qiymət artımı bu templə davam edəcəkmi?
Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan əmlak üzrə ekspert Anar Nəsirovun sözlərinə görə, hazırda Bakı ətrafı kəndlərdə və qəsəbələrdə, xüsusən Mərdəkan, Şüvəlan, Novxanı, Bilgəh kimi dənizə yaxın ərazilərdə yerləşən mənzillərin qiymətlərində artım müşahidə edilir:
“Yayda şəhərin səs-küyündən qaçaraq dənizkənarı ərazilərə üz tutan sakinlərin sayının artması qiymətlərə təsir göstərir. Çünki bu tip mənzillər qışda boş qalır, kirayə verilmir və yalnız yayda tələbat yaranır. Sahibkarlar və mənzil sahibləri bu fəsildə daha çox gəlir əldə etməyə çalışır, bu da qiymətlərin artmasına səbəb olur. Digər amil tələbin təklifi üstələməsidir. Belə ki, yayda insanlar daha çox dəniz kənarına və bağ evlərinə gedirlər, bu da təklifin tələbdən aşağı olması ilə nəticələnir.
Bundan əlavə, bir aylıq və günlük kirayələrlə uzunmüddətli kirayələr arasında qiymət fərqi böyükdür. Çünki bir aylıq və ya günlük kirayələrdə sahibkarlar təkrar müştəri tapmaqda çətinlik çəkirlər. Bu il havaların əvvəlki illərə nisbətən daha sərin olması da tələbatı artırır. Nəticədə, qiymətlərin daha da yüksəlməsi gözlənilir. Keçən illərlə müqayisədə, bu il kirayə bazarında qiymətlər təxminən 25-30 faiz artıb. Bu, həm illik, həm də aylıq kirayələr üçün keçərli bir artımdır”.
Ekspert bildirib ki, qiymət artımı sentyabrın 15-dək davam edəcək:
“Lakin sentyabrın ilk 10 günlüyündən sonra qiymətlər tədricən azalacaq. Avqustun sonlarından başlayaraq və sentyabrın əvvəllərində Bakı şəhəri və ətraf qəsəbələrdə, xüsusən uzunmüddətli kirayə üçün nəzərdə tutulan bina və həyət evlərində yenidən qiymət artımı gözlənilir. Bu, yayda şəhərdən uzaqlaşan insanların tədrislə əlaqədar geri dönməsi ilə bağlıdır.
Bahalaşma əvvəlki illə müqayisədə daha çox olacaq. Çünki bu il bazara çıxan mənzillərin sayı keçən illərə nisbətən daha azdır. Bunun əsas səbəbi şəhərdəki söküntülər və həmin binalarda yaşayan sakinlərin kirayə evlərə ehtiyacıdır. Söküntü aparılan ərazilərdə isə bu il daha az kirayə mənzili bazara daxil olacaq”.
Bizim.Media