Beşbarmaq dağının ətəyində yerləşən məşhur “Xıdır-Zində” piri yaxınlığında uçuş həyata keçirən paraşütçü qəza keçirib.
Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata görə, qəza nəticəsində paraşütçü dəniz səviyyəsindən 382 metr hündürlükdəki əraziyə düşüb və həyatını itirib.
Onun 1999-ci il təvəllüdlü Nuranə Məcidova olduğu bildirilir.
Hadisə ilə bağlı məlumat dərhal Şabran Rayon Dövlət Yanğından Mühafizə Hissəsinə, Siyəzən Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına, Rayon Polis Şöbəsinə və İcra Hakimiyyətinə daxil olub.
Hadisə yerinə xüsusi təyinatlı “Nissan Patrol” markalı qəza-xilasetmə avtomobili və 4 nəfər yanğınsöndürən-xilasedici göndərilib və müdaxilə üçün hərəkətə keçilib.
Hazırda ərazidə axtarış-xilasetmə işləri aparılır, paraşütçünün vəziyyəti və qəzanın dəqiq səbəbləri ilə bağlı əlavə məlumat veriləcəyi gözlənilir.
Yamac paraşütü kimi ekstremal idman növlərinin yay aylarında populyarlaşdığı bir vaxtda, bu cür hadisələr bir daha təhlükəsizlik tədbirlərinin vacibliyini gündəmə gətirib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu