Jurnal şəkillərindəki kimi görünən ev interyerini kim istəməz?! Hamı həsədlə baxır, arzulayır, dizaynına ətək-ətək pul tökür, amma bir müddət sonra bəlli olur ki, bu evdə yaşamaq mümkün deyil.
Ümumiyyətlə təmir və interyer dizaynında gözəllikdən çox, dözümlülük və rahatlığa önəm verilməlidir. İlk baxışdan gözəl və dəblidir, amma bir müddət sonra hamısını sökmək və rahat, sadə bir evdə yaşamaq istəyirsən.
Uzağı bir aydan sonra sizi yoracaq dəbli fikirlər hansılardır?
Açıq şkaflar: görüntü gözəl, amma əslində toz dağarcığı...
Fikirləşirsən ki, hər şey əl altındadır. Bu gün üçün geyim kombinini elə yataqdan qalxmadan göz atmaqla seçə bilərsən. Ancaq bir neçə gündən sonra paltarlar tərk edilmiş muzeydəki eksponatlar kimi tozla örtülməyə başlayır.
Bunun daha sadə və studio dizaynlar üçün olanı var – asqılı qurğu. Sanki geyim mağazasında bir köşədəsən. Əgər evdə uşaqlar varsa, o zaman açıq asılqandakı bahalı paltarlar rəsm boyaları ilə rənglənə bilər.
Beton divarlar: estetika yoxsa zirzəmi simulyatoru?
Son illərin dəbi olan beton divarlar maraqlı ideya kimi görünür. Amma daimi “bunker”də yaşamaq hissi adamı qaramata salır. Divarda izolyasiya təbəqəsi olmadığı üçün qonşuların yuxarıdan gələn addım səsləri konsert zalındakı kimi getdikcə güclənir. Evdə kombi aparatı olsa da psixoloji olaraq qışda soyuqluq hissi demək olar ki, adamı tərk etmir.
Şüşə əl-üz yuyan: hər səhər yarımyuxulu halda su ləkələrini təmizləməli olursan. Hələ dərhal gözə batan sabun, diş məcunu izləri... Şəffaf bir əl-üz yuyan çanağı yalnız dekorativ element deyil, ayrıca bir dərddir. Salamatı elə ağ keramikadır. Adama lazım olan səhər özünü əziyyətə salmadan xoş əhvalda olmaqdır.
Tutacaqsız mətbəx: qeyri-ixtiyari daim qapı dəstəyi axtaracaqsınız.
Tutacaqsız mətbəx qapıları ilk baxışdan təmizlik və minimalizm estetikasıdır. Amma yemək bişirməyə başlayan kimi əlləriniz xəmirli və ya yağlı olanda şkafı açmaq lazım gəlir. İndi özünüz o qapının son durumunu təsvir edin. Tutacaqlar dəbdə olmasa da, şorbadakı duz kimidir – mütləq orada olmalıdırlar.
Qısası, evdə əsas olan fotoşəkildə necə göründüyü deyil, onun içində necə hiss etdiyinizdir. Dizayn həyatı çətinləşdirirsə, qıcıqlanmaya səbəb olur və ya hər baxışdan sonra təmizləmə tələb olunursa - bu, rahatlıq deyil.
Şəfiqə Şəfa, Bizim Media