“Azvirt” şirkətinin rəhbəri Kamil Əliyevin özü üçün işıqfor qoydurduğu iddia olunur. Bununla bağlı kütləvi informasiya vasitələrində yayılan məlumatda qeyd olunur ki, şirkət magistral və intensiv hərəkət olmayan yolda ehtiyac yaranmadığı halda rəhbərliyin, əməkdaşlarının giriş-çıxışı üçün işıqfor qoydurub.
Həmin işıqfor günün 24 saatı yaşıl işıqda olur, heç bir halda qırmızı işıq olmur, yəni nizamlanan işıqfor deyil. Amma elə ki “Azvirt” MMC-dən kimsə maşını ilə darvazalardan çıxanda içəridə olan düymə basılır, istədiyi an işıqfor qırmızı olur, bu vaxt əsas yolda hərəkətdə olan maşınlar işıqforda dayanır, şirkət rəhbərliyi və əməkdaşları oradan ağa kimi çıxırlar. Əgər oradan hərəkət edən olmasa işıqfor bütün günü yaşılda olacaq.
Maraqlıdır, işıqforların (svetoforların) quraşdırılması yalnız müvafiq dövlət qurumlarının səlahiyyətində olduğu halda, şirkət tərəfindən belə bir addımın atılması doğrudur?
Məsələ ilə bağlı “Azvirt” MMC-yə müraciət etdik. Şirkətin Baş direktorunun mətbuat və informasiya məsələləri üzrə müşaviri Ceyhun Səfərov Bizim.Media-ya açıqlamasımda sözügedən iddianın özünün yalnış və məsuliyyət yaratdığını vurğulayıb:
“İşıqforu qoyan qurum var. Heç kim özü istədiyi halda işıqfor quraşdıra bilməz. Bizim də belə bir səlahiyyətimiz yoxdur. Özü də o işıqfor bizim deyil, piyadalar üçündür, əllə işarə edib keçirlər. Sadəcə gəlib bizim qapının ağzına düşüb. Camaatın dediyinə görə orada bir neçə dəfə hadisə olub.
Ondan sonra gəlib həmin əraziyə işıqfor quraşdırıblar. Gəlib özünüz də yoxlaya bilərsiniz”, - deyə şirkət rəsmisi fikrini tamamlayıb.
Qeyd edək ki, “Azvirt” MMC Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsində yerləşir. Şirkətin rəhbəri Kamil Əliyevdir.
Bizim.Media