Kəlbəcərin işğalı zamanı mülki əhalinin, uşaqların atəşə tutması ilə bağlı ifadələr dinlənildi - FOTO

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyulun 4-də davam etdirilib.

Bizim.Media xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Məhkəmə prosesində Azərbaycanın vaxtilə Ermənistanın işğalı altında olan ərazilərində əsir və girov götürülmüş, habelə Ermənistan hərbçilərinin açdığı atəş nəticəsində yaralanmış, işğal nəticəsində digər zərərlər görmüş şəxslər ifadə veriblər.

Zərərçəkmiş şəxs Quliyev Bəxtiyar Məhəmməd oğlu ifadəsində Kəlbəcər rayonunun işğalı ilə əlaqədar ailə üzvləri və digər mülki şəxslərlə birlikdə 1993-cü il martın 31-də rayondan “Tunel” adlandırılan ərazi vasitəsilə çıxarkən Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən atəşə tutulduqlarını bildirib. Nəticədə qardaşı İslam Quliyev öldürülüb. Hadisə zamanı yük maşınında olan 21 nəfərdən əksəriyyəti qətlə yetirilib. O, özü isə sol ayağının bud hissəsindən yaralanıb.

Ermənistan hərbçiləri onları girov götürərək əvvəlcə Ağdərə rayonunun Heyvalı kəndinə, daha sonra Xankəndi şəhərinə aparıblar. Girov olduqları müddətdə onlara işgəncə verilib. “Mən girov götürüləndə yaralandım. Yaramın üstünə soyuq su tökdülər ki, qan dayansın. 7 ay girovluqda qaldım. Bizə qarşı qeyri-insani formada davranırdılar. Saxlanılma şəraitimiz çox acınacaqlı, antisanitar vəziyyətdə idi”, - deyə o əlavə edib. Zərərçəkmiş şəxs 1993-cü il sentyabrın 22-də girovluqdan azad edilərək Azərbaycan tərəfinə təhvil verilib. Dövlət ittihamçısı Fuad Musayevin suallarına cavabında zərərçəkmiş şəxs bildirib ki, Kəlbəcər işğal edilən zaman onlara ərazidən çıxmaq üçün heç bir dəhliz verilməyib.

Zərərçəkmiş şəxs Nəsibə Quliyeva ifadəsində Kəlbəcərin işğalı zamanı 13 yaşı olduğunu, bacı-qardaşları ilə birlikdə 1993-cü il martın 31-də rayondan yük avtomobili ilə çıxarkən “Tunel” adlanan ərazidə Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən atəşə tutulduqlarını bildirib. O deyib ki, həmin vaxt onları hərbçilər müşayiət etməyib və maşındakıların çoxu azyaşlılar olub: “O qədər çox güllə atırdılar ki, sanki dolu yağırdı”.

Zərərçəkmiş hadisə zamanı 3 yaşlı bacısının və 3 azyaşlı qardaşının onunla birlikdə olduğunu bildirib: “Mənə 6 güllə və qəlpələr dəymişdi, hazırda bədənimdə çoxlu qəlpə var”.

N.Quliyeva daha sonra Ermənistan hərbçiləri tərəfindən girov götürüldüyünü söyləyib. Bacısının girovluğun ilk günlərində Ağdərə rayonunun Vəng kəndinə müalicə adı ilə aparıldığını, səhəri gün isə onun ölməsi barədə xəbər verildiyini deyib. O, hələ də bacısından və iki qardaşından (Aygün, Yaşar və Məzahir Quliyevlər) xəbər ala bilmədiklərini diqqətə çatdırıb.

Zərərçəkmiş şəxs qardaşı Bəxtiyarın hadisə zamanı 9 yaşı olduğunu, girovluqda erməni hərbçisinin onun başına təpiklə vurduğu zərbəyə görə indiyə qədər də səhhətində problemin qaldığını bildirib.

Dövlət ittihamçısı Təranə Məmmədovanın sualını cavablandıran N.Quliyeva daha sonra 3 ay 15 gün Xankəndidə saxlanıldıqlarını söyləyib. O, girovluqdan azad olunarkən əvvəlcə İrəvana, oradan isə Bakıya gətirildiyini deyib və əlavə edib: “Valideynlərim sağdır, onlar hələ də üç övladını gözləyirlər. Deyirlər, ermənilər onları saxlayır, gələcəklər...”.

Zərərçəkmiş şəxs Təhməz Şahverdiyev ifadəsində Kəlbəcərin Başlıbel kənd sakini olduğunu, rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı Ətdərəsi adlı yerdə girov götürüldüyünü bildirib:

“Biz həmin vaxt yeddi nəfər idik. İki nəfəri öldürdülər, beş nəfəri girov götürdülər”.

O, dövlət ittihamçısı Vüsal Abdullayevin sualını cavablandırarkən bildirib ki, Ermənistan hərbçiləri tərəfindən əvvəlcə Kəlbəcərin mərkəzinə, bir həftə sonra Ermənistanın Basarkeçər rayonuna, bundan iki gün sonra isə İrəvana aparılıblar. Orada onlar tikintidə fəhlə kimi işlədilib, mütəmadi olaraq işgəncələrə məruz qalıblar.

Zərərçəkmiş Nizami İsmayılov Kəlbəcərin Günəşli kənd sakini olduğunu, Ermənistan tərəfindən rayonun işğal edilməsi ilə əlaqədar 1993-cü ilin mart ayının sonlarına yaxın doğmaları ilə birlikdə yaşadıqları ərazini tərk etdiklərini bildirib. Lakin atası Qanboy İsmayılov kənddə qalıb. O, atasından indiyədək xəbər olmadığını bildirib.

Zərərçəkmiş şəxs Nurbala Əmirquliyev Birinci Qarabağ müharibəsində iştirak etdiyini, Ağdamda ağır yaralandığını, iki gün sonra yaralı vəziyyətdə əsir götürüldüyünü, daha sonra Xankəndiyə aparıldığını bildirib. O deyib: “Məni yaralı vəziyyətdə türmə kimi bir yerdə bir sutka döydülər. Gördülər ölürəm, uşaq xəstəxanasına apardılar. Orada Stepanyan soyadlı hərbi həkim yaramın çürümüş hissələrini heç bir ağrıkəsici vurmadan kəsdi”.

Zərərçəkmiş şəxs Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun sualına cavabında həmin yaraya görə hələ də axsadığını, buna görə əsa ilə gəzdiyini söyləyib.

Xankəndidə saxlanıldığı müddətdə mütəmadi olaraq ona və digər azərbaycanlı əsir və girovlara işgəncə verildiyini bildirib. N.Əmirquliyev iki ay sonra erməni hərbçilərlə dəyişdirilərək Azərbaycana təhvil verildiyini bildirib.

Məhkəmə prosesində, həmçinin zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.

Məhkəmə prosesi iyulun 7-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Təzə pomidorları soyuducuda SAXLAMAYIN: Ən yaxşı yer haradır?

Təzə pomidorları soyuducuda SAXLAMAYIN: Ən yaxşı yer haradır?

Qadın güləşçimiz Avropa çempionu oldu

Qadın güləşçimiz Avropa çempionu oldu

Bu aeroport BAĞLANDI - Reyslər ləğv edildi

Bu aeroport BAĞLANDI - Reyslər ləğv edildi

Avronun bahalaşması Azərbaycanda da qiymətlərə təsir edir - VİDEO

Avronun bahalaşması Azərbaycanda da qiymətlərə təsir edir - VİDEO

“Neftçi”dən ayrılan futbolçu bu kluba keçdi

“Neftçi”dən ayrılan futbolçu bu kluba keçdi

“Hade”dən Azərbaycanla bağlı PAYLAŞIM - VİDEO

“Hade”dən Azərbaycanla bağlı PAYLAŞIM - VİDEO

Şehiç “Qarabağ”a gələsi olmadı

Şehiç “Qarabağ”a gələsi olmadı

Bakıda gənc oğlana xəncərlə HÜCUM EDİLDİ

Bakıda gənc oğlana xəncərlə HÜCUM EDİLDİ

Türkiyə Superliqasında yeni mövsümün püşkü atıldı – DERBİLƏRİN VAXTI

Türkiyə Superliqasında yeni mövsümün püşkü atıldı – DERBİLƏRİN VAXTI

Müğənnidən maraqlı AÇIQLAMA: “Babam nənəmlə evlənəndə 60 yaşı olub” - VİDEO

Müğənnidən maraqlı AÇIQLAMA: “Babam nənəmlə evlənəndə 60 yaşı olub” - VİDEO

Bölgə klubunun hazırlıq planı BƏLLİ OLDU

Bölgə klubunun hazırlıq planı BƏLLİ OLDU

Türkiyəli nazir Xankəndidən PAYLAŞIM ETDİ - FOTO

Türkiyəli nazir Xankəndidən PAYLAŞIM ETDİ - FOTO

Daha bir Polşa klubu “Qarabağ”ın futbolçusuna maraq göstərir

Daha bir Polşa klubu “Qarabağ”ın futbolçusuna maraq göstərir

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən AZAD EDİLDİ

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən AZAD EDİLDİ

“Trabzonspor” İngiltərə klubunun hücumçusunu TRANSFER ETDİ

“Trabzonspor” İngiltərə klubunun hücumçusunu TRANSFER ETDİ

Şahbaz Şərif Xankəndidən özünə və Ərdoğana EV İSTƏDİ - VİDEO

Şahbaz Şərif Xankəndidən özünə və Ərdoğana EV İSTƏDİ - VİDEO

45 yaşlı kişi restoranın damından yıxılaraq HƏYATINI İTİRDİ - ÖZƏL/FOTO

45 yaşlı kişi restoranın damından yıxılaraq HƏYATINI İTİRDİ - ÖZƏL/FOTO

Prezidentin sosial şəbəkə hesablarında Xankəndidəki Zirvə görüşündən görüntülər paylaşıldı - VİDEO

Prezidentin sosial şəbəkə hesablarında Xankəndidəki Zirvə görüşündən görüntülər paylaşıldı - VİDEO

Xoşqədəmlə Doğuş övladlığa uşaq götürür - VİDEO

Xoşqədəmlə Doğuş övladlığa uşaq götürür - VİDEO

Ruzanna Məmmədova Avropa çempionu OLDU

Ruzanna Məmmədova Avropa çempionu OLDU

“Sülh müqaviləsi Tiflisdə imzalanacaq” İDDİASI

“Sülh müqaviləsi Tiflisdə imzalanacaq” İDDİASI

Kəlbəcərin işğalı zamanı mülki əhalinin, uşaqların atəşə tutması ilə bağlı ifadələr dinlənildi - FOTO

Kəlbəcərin işğalı zamanı mülki əhalinin, uşaqların atəşə tutması ilə bağlı ifadələr dinlənildi - FOTO

Gərginləşən Rusiya-Azərbaycan münasibətlərinin əsl səbəbi… - Aqil Ələsgər “CNN Türk”də şərh etdi -VİDEO

Gərginləşən Rusiya-Azərbaycan münasibətlərinin əsl səbəbi… - Aqil Ələsgər “CNN Türk”də şərh etdi -VİDEO

Azərbaycanlı qapıçı xaricə getmək istəyir

Azərbaycanlı qapıçı xaricə getmək istəyir

End of content

No more pages to load

RADİO